Ötən il 3 minə qədər azərbaycanlı Avropaya sığınmaq istəyib

Ötən il 3 minə qədər azərbaycanlı Avropaya sığınmaq istəyib Foto: sosial media
3 Avqust 2023
Mətni dəyiş

Almaniyada yaşayan mühacir: “Azərbaycana qaytarılmamaq üçün dinini dəyişib, kilsəyə sığınanlar var”

“İnsanlar öz övladlarının gələcəyini təmin etmək üçün Avropaya üz tuturlar. Gənclər də öz həyatlarını qurmaq üçün Avropaya gəlirlər, çünki Azərbaycanda heç bir perspektiv görmürlər. Ən əsası sabahla bağlı ümidlərinin olmamasıdır”.

2018-ci ildən Almaniyada yaşayan siyasi mühacir Əfqan Muxtarlı belə deyir. Onun sözlərinə görə, Azərbaycan vətəndaşlarının öz ölkələrini tərk etmələrinə təsir edən amillər sırasında Azərbaycanda sosial vəziyyətin ağırlığını, təhsilin, səhiyyənin keyfiyyətsiz olmasını və digər səbəbləri sadalamaq olar.

“Yaşadığım Almaniyada çoxlu sayda Azərbaycan vətəndaşı müxtəlif yollarla burada qalmaq üçün müraciət edir. Almaniyanı seçmələrinə səbəb burada iş imkanlarının geniş olması, siyasi mühacirlər üçün dövlət yardımının digər ölkələrlə müqayisədə daha çox olması ilə əlaqədardır”, - deyə o bildirir.

“Eurostat”da qeyd olunan məlumatlara əsasən, 2022-ci ildə 2965 Azərbaycan vətəndaşı Avropa Birliyi ərazisində sığınacaq almaq üçün müraciət edib. Bu müraciətlərin 1395-i Almaniyaya, 785-i Fransaya, 270-i İsveçə, 140-ı Hollandiyaya, 80-i Belçikaya ünvanlanıb.

“Ukrayna müharibəsindən sonra Almaniyada sığınacaq almaq çətinləşib”

Ə.Muxtarlı deyir ki, hazırda Avropada sığınacaq almaq çox çətindir, çünki Şərqi Avropada müharibə gedir və xeyli ukraynalı Avropa Birliyi ərazisinə gəlib, humanitar oturum alıb. Onun sözlərinə görə, bu hal siyasi oturum almağı da çətinləşdirib:

“Hətta həqiqi siyasi fəaliyyəti olanlar da oturum ala bilmir. Buradan deport olunan 5 nəfər azərbaycanlı Azərbaycana çatan kimi müxtəlif maddələrlə həbs olunublar. İnsanlar Azərbaycana qaytarılmamaq üçün müxtəlif vasitələrə əl atırlar. Məsələn, Almaniyanın miqrasiya idarəsindən neqativ cavab alanlar bütün hüquqi instansiyaları keçdikdən sonra digər Avropa ölkələrinə gedib orada təslim olurlar, həmin dövlətlər də təzədən onları Almaniyaya qaytarır. Belə-belə 7-8 ildir burada qalan insanlar var. Ancaq indi qanunlar dəyişib, oturum icazəsi əvəzinə iş icazəsi ilə oturum imkanları yaradılır. Siyasi sığınacaq üçün müraciət edən və 5 il Almaniyada yaşayan şəxslərə 1 illik oturum verilir ki, iş tapın özünüzü təmin edin və ya peşə təhsili alın. Bu şərtlərlə qala bilirlər”, – deyə o qeyd edir.

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın məlumatlarına əsasən, 2014-2022-ci illər arasında Almaniyadan 1682, İsveçdən 192, Avstriyadan 41, digər Avropa Birliyi ölkələrindən ümumilikdə 105 Azərbaycan vətəndaşı deportasiya edilib.

İndiyədək Almaniyadan deportasiya edilən 6 siyasi fəal həbs olunub. Onlardan 5-i haqqında cinayət işi başlanıb, 1 nəfər haqqında isə inzibati həbs qərarı çıxarılıb.

“Almaniya dünyanın ən yaşamalı ölkəsi olduğu üçün bura axın çoxdur”

Başqa bir mühacir Zakir Ağayevin sözlərinə görə, mühacirlər ona görə xüsusilə Almaniyanı seçirlər ki, bura mükəmməl sosial sistemi ilə dünyanın ən yaşamalı, qabaqcıl dövlətlərindən biridir.

Ağayev deyir ki, Almaniyada işləməsən də, dövlət sənin bütün xərclərini ödəyir:

“Ev kirayəsindən tutmuş uşağın baxçasına, tibbi sığortaya qədər kömək edirlər. Bir insanın yaşaması üçün gündəlik istehlak səbətinə uyğun maddi dəstək də təmin edilir”.

O qeyd edir ki, 2016-cı ilə qədər Avropada sığınacaq almaq asan olub. Ancaq sonrakı illərdə müraciətçilərin bəlkə də 90 faizindən çoxu neqativ cavab alıb:

“Prosedur zamanı da bürokratik əngəllər yaradılır. Hətta bəzən sığınacaq almağa tam hüququ çatan adamların da müraciətini rədd edirlər. Dünyanın bir çox yerindən Almaniyaya miqrant axını olduğu üçün ölkələrində müharibə olmayanları geri qaytarırlar.

Azərbaycanlıların göndərildiyi düşərgə var, orada şərtlər çox ağırlaşdırılıb. Biz əvvəl istənilən qədər çölə çıxıb gəzirdik, ancaq indi müraciət edənlər vaxtla buraxılır, geri gəlməyəni də qeydiyyatdan çıxarırlar. Əksəriyyəti də neqativ cavab alır.

Rədd cavabı alan insanlar Azərbaycana qaytarılmamaq üçün vasitə axtarırlar ki, nə etsinlər, oturum alsınlar. Buna görə kimisi gedir özünü ruhi-əsəb xəstəxanasına salır, kimisi dinini dəyişdirib kilsələrə sığınır, kimisi daha radikal yollara əl atıb Azərbaycanın hakim ailəsini söyür. Bilir ki, söyüş söyməklə tanınmış olacaq. Gəlib burdakı həyat şəraitini gördükdən sonra bütün variantlara əl atırlar ki, qala bilsinlər”.

“Azərbaycan readmissiya müqaviləsinə əməl etmir”

Vəkil Elçin Sadıqov deyir ki, Azərbaycandan Avropaya mühacirətə gedənlərin əksəriyyəti sonradan orada müdafiələrini qura bilmirlər.

Onun sözlərinə görə, inzibati orqanlar da tərəfli davranırlar:

“Onlar da maraqlıdırlar ki, mühacirlərin sayı az olsun. Azərbaycan rəsmilərinin Avropaya, xüsusilə Almaniyaya səfərlərindən sonra mühacirlərin kütləvi deportasiyası baş verir. Bu da şübhələr yaradır ki, hökumətlər arasında qanunsuz danışıqlar olur. Azərbaycan hökuməti onlara yalan sənədlər təqdim edir ki, guya həmin mühacirlərin Azərbaycanda heç bir problemi yoxdur. Amma o siyasi fəallar ölkəyə deportasiya edildikdən sonra, həbs olunurlar. Ona görə də, məncə Azərbaycanın verdiyi sənədlərə şübhə ilə yanaşmalıdırlar və dərindən araşdırmalıdırlar ki, bu şəxslərin ölkədə problemləri var, ya yox. Azərbaycan hökuməti readmissiya müqaviləsinə (Avropa İttifaqı və Azərbaycan arasında bağlanmış bu müqaviləyə əsasən, Azərbaycana qaytarılan mühacirlər təqib olunmamalıdırlar – red.) əməl etmir, ona görə də Almaniya hökuməti siyasi fəalların Azərbaycana göndərilməsini dayandırmalıdır”- deyə vəkil Elçin Sadıqov bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun