Kuryer Birliyi Həmkarlar İttifaqının üzvü həbs edilib

Kuryer Birliyi Həmkarlar İttifaqının üzvü həbs edilib Foto: Sosial Media
7 Avqust 2023
Mətni dəyiş

Əhməd Məmmədli: “Elvin Mustafayevin həbsi siyasi qərardır”

Avqustun 7-də ictimai fəal, Kuryer Birliyi Həmkarlar İttifaqının üzvü Elvin Mustafayev narkotiklərin qanunsuz dövriyyəsində ittiham olunaraq məhkəmə qərarı ilə həbs edilib. 

Abzas Media-ya bu barədə məlumatı "D18 - Demokratiya 1918" Hərəkatının sədri Əhməd Məmmədli verib.

Əhməd Məmmədli deyir ki, kuryerlərin sonuncu aksiyasından sonra 3 gün imiş ki, Elvin Mustafayevdən xəbər ala bilmirmişlər. Onun sözlərinə görə, Mustafayev şərlənərək həbs olunub: 

“Elvin Mustafayev bir ildir ki, İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası tərkibində olan Kuryer Birliyi Həmkarlar İttifaqının üzvü idi. O, kuryerlərin aktiv üzvü kimi bu etirazların təşkilində iştirak edib. İşçi təşkilatlanmasının koordinasiya edilməsində əsas vəzifələrdən birini tutub. Buna görə də narkotiklərin qanunsuz dövriyyəsində şərlənərək həbs edildi. 

Bundan əvvəl də martda Saatlı Rayon Məhkəməsi onun 25 sutka həbsinə qərar vermişdi. Bu həbs siyasi sifarişlə olub və ondan ifadələr işgəncə altında alınıb”, – Əhməd Məmmədli bildirib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Abzas Media-ya bildirib ki, Elvin Mustafayev narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinir: 

“Kuryerlərin aksiyası ilə qətiyyən əlaqəsi yoxdur. Məsuliyyətə cəlb olunub, barəsində məhkəmənin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. O, əməlini etiraf edib. Bununla bağlı istintaqda təkzibolunmaz sübutlar var”.

Xatırladaq ki, avqustun 1-də ictimai fəal, İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov da saxlanılıb. Avqustun 2-də Yasamal Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzası alıb. 

"D18 - Demokratiya 1918" Hərəkatının sədri Əhməd Məmmədli Abzas Media-ya bildirib ki, Afiəddin Məmmədov da kuryerlərin aksiyasina görə saxlanılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun