Kəmalə Ağazadə: “Sığınacaqların mütəmadi mühafizə olunmasına ehtiyac var”

Kəmalə Ağazadə: “Sığınacaqların mütəmadi mühafizə olunmasına ehtiyac var” Foto: BBC
7 Avqust 2023
Mətni dəyiş

Post-patrul xidməti gün ərzində 2-3 dəfə nəzarət edir

Bir gün öncə Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə hücumdan sonra sığınacaqların təhlükəsizliylə bağlı məsələlər yenidən gündəmə gəlib.

Avqustun 6-da küçədə diləndirildiyi üçün sığınacağa yerləşdirilən 2 azyaşlının valideyinləri mərkəzə hücum ediblər.

“Ana deyir ki, diləndirirəm, əcəb edirəm. Ata isə özünü yandıracağını bəyan edir. Bu uşaqlar isə təhlükəsiz yaşamağı, təhsil almağı haqq edir”, - sığınacaq rəhbəri Kəmalə Ağazadə Facebook səhifəsində yazıb.

“Özəl mühafizə xidməti böyük vəsait tələb edir”

Məlum olur ki, Bakıda yerləşən böyük sığınacaqların daimi mühafizəsi yoxdur. Sadəcə ərazidəki polis naryadları gün ərzində 2-3 dəfə ora baş çəkirlər.

Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə Abzas Media-ya deyir ki, sığınacaqların daimi mühafizəsinə ciddi ehtiyac var.

Onun sözlərinə görə, daimi mühafizə üçün çox böyük maliyyə lazımdır:

“Sığınacaqlara daha çox zərərçəkənlər yerləşdirilir. Zərərçəkənlər varsa, zərər törədən var və zərərçəkənin səsini kəsmək üçün əlindən gələni etməyə hazırdır. Bu baxımdan, sığınacaqların mühafizəsi hər zaman olmalıdır. Hazırda mühafizə üçün gün ərzində post patrullar gəlib baxır. Sadəcə son hücum elə vaxt oldu ki, onda polis ərazidə idi, burada deyildi. Sizin dediyiniz mühafizə məntəqəsi üçün isə maliyyə imkanlarımız yoxdur. Bunun üçün böyük vəsait lazımdır.

Düşünürük ki, bununla bağlı hökumətə müraciət edək. Bəlkə bunu hansısa şirkət öz üzərinə götürər. Sığınacaq azdır deyə, qarşı tərəflər daha rahat tapırlar axtardıqlarını. Bizdə əsasən uşaqlar olur, hüquq mühafizə orqanları tərəfindən yerləşdirilirlər və qarşı tərəf də bilir ki, uşaq burdadır”.

Ağazadə deyir ki, dövlət sığınacaq yaratsa da, idarəçilikdə fərqli yanaşma olmalıdır:

“Beynəlxalq standartlara görə, sığınacaqlar dövlət tərəfindən maliyyə dəstəyi göstərilərək yaradılır, idarəçiliyi isə Qeyri Hökumət Təşkilatlarına (QHT) verilir. Dövlətin də marağındadır ki, bu müəssisələr yaradılsın, amma bunun üçün də maliyyə lazımdır. Nəzarət və monitorinq isə birmənalı olaraq dövlət tərəfindən olmalıdır”, – deyə o, bildirir.

“Zərərçəkənlərin yeri haqda qarşı tərəfə məlumat verilməməlidir”

“Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova deyir ki, onlar təhlükəsizlik məqsədilə sığınacaqda kameralar qurlaşdırıblar.

Onun sözlərinə görə, polis də bir neçə dəfə gəlib, nəzarət edir:

“Burada əsas məsələ şəxsin hansı sığınacağa yerləşdirilməsilə bağlı məlumatların ötürülməməsidir. Bu istiqamətdə bir az boşluq var. Zərərçəkənləri bura gətirənlər qarşı tərəfə məlumat verməməlidirlər ki, həmin adam buradadır.

Bəzən zəng edib özlərini polis kimi təqdim edib nələrisə dəqiqləşdirmək istəyirlər, artıq onda biz deyirik ki, gedin sorğu göndərin cavab alın. Ancaq qanunvericilikdə boşluq var. Polisə şəxsin itkin düşməsilə bağlı xəbər veriləndən sonra qarşı tərəf tələb edir ki, məlumat verək. Hazırda polis müxtəlif formalarda cavab verir ki, şəxs sağdır. Ancaq qanunvericlik tələb qoyur ki, harda olması ilə bağlı da məlumat verilməlidir.

Bəzən icradan da ünvan deyirlər, qarşı tərəf gəlir bura. Qapıda polisin dayanması gələn şəxslərdə kompleks yarada bilər. Ancaq post patrulun olması yaxşıdır ki, tez müddətdə çatdırırlar özlərini. Digər tərəfdən, mühafizə xidmətləri pulludur, bu da il ərzində böyük məbləğ edir. Dövlət bunu edə bilməz, ancaq layihələr çərçivəsində etmək olar”.

DİN: “Sığınacaqlar mühafizə edilir”

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Abzas Media-ya bildirib ki, sığınacaqlar mühafizə edilir:

“Sığınacaqlar olan əraziyə əlavə naryad qrupları təhkim olunur, bu qruplar orada fasiləsiz xidmət aparırlar. Bundan əlavə, sığınacaqlar qorunmaq üçün hansısa mühafizə xidmətilə müqavilə imzalaya bilərlər”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun