İkinci Qarabağ müharibəsi iştirakçısının intihar etdiyi bildirilir

İkinci Qarabağ müharibəsi iştirakçısının intihar etdiyi bildirilir Foto: Baku.ws
18 Avqust 2023
Mətni dəyiş

Atası Həmayıl Abbasov: “Son vaxtlar hərbi xidmətdən çıxmaq istəyirdi”

Azərbaycan ordusunun hərbçisi, kiçik çavuş Asim Abbasovun xidmət etdiyi hərbi hissədə özünü güllələyərək öldürdüyü bildirilir.

Abzas Media-ya bu barədə məlumatı Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Firad Əliyev verib. Prokurorluq işin detallarını açıqlamayıb.

Mərhum hərbçinin atası Həmayıl Abbasov deyir ki, belə bir hadisənin baş verdiyinə inana bilmir. Onun sözlərinə görə, oğlu onlarla danışanda hansısa probleminin olduğunu deməyib:

“Ağdamda xidmət edirdi. Hərbi hissədən zəng edib dedilər.

Müddətdən artıq xidmət edirdi, 3 ilin tamam olmasına 15 gün qalmışdı. Ev ilə də danışanda probleminin olduğunu deməmişdi. Mən heç inana bilmirəm ki, o boyda döyüşdən çıxmış uşaq özünü öldürsün. Sadəcə son vaxtlar hərbi xidmətdən çıxmaq istəyirdi, amma səbəbini deməmişdi. İndi qardaşımla oğlum gediblər meyiti gətirməyə".

İkinci Qarabağ müharibəsindən sonra hərbçi “Ağdamın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

İkinci Qarabağ müharibəsindən sonra onlarla hərbçi intihar və ya intihara cəhd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun