Həlak olan neftçinin oğlu: “Hadisə iş yerindəki şəraitsizlikdən baş verib”

Həlak olan neftçinin oğlu: “Hadisə iş yerindəki şəraitsizlikdən baş verib” Foto: sosial media/arxiv
25 Avqust 2023
Mətni dəyiş

Hüquq müdafiəçisi deyir ki, “Azneft” İB-da ölüm hadisələri olandan sonra oranın direktorunu SOCAR-ın vitse-prezidenti təyin ediblər

Avqustun 24-də Dövlət Neft Şirkətinin "Neftqaztikinti" trestinin əməkdaşları Şirvan Ağaməmmədov və Şamo Nərimanov beton plitələrin çökməsi nəticəsində dənizə düşüb, boğularaq ölüblər. Bu barədə məlumatı Baş Prokurorluq yayıb. 

Hadisə Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) ərazisində təmir işləri aparılarkən baş verib.

Hadisə zamanı həyatını itirən Şirvan Ağaməmmədovun oğlu Cavid Ağaməmmədov Abzas Media-ya deyib ki, hadisə iş yerindəki şəraitsizlikdən baş verib:

“Atam 30-40 ildir işləyirdi. Mən bildiyim qədərilə iş görəndə yük gəlib, plitələrin yükü qaldırmağa gücü çatmayıb, düşüblər dənizə. Atam işin təhlükəli olması ilə bağlı heç nə demirdi, amma köhnə estakada, köhnə plitələr idi, təhlükə var idi həmişə.  İndi istintaq gedir, araşdırılır, günahkarlar bilinəcək. Mən ayrı yaşayırdım, o evə yeganə çörək aparan atam idi”, – deyə o, bildirib.

Neftçilərin Hüquqları Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlının fikrincə, ilk baxışdan hiss olunur ki, hadisə qanunvericiliyin pozulması nəticəsində baş verib. Onun sözlərinə görə, işçilər üçün normal iş şəraiti yaradılmayıb və işəgötürən məsuliyyət daşıyır:

“Təmir gedən meydançada köhnə beton plitələr olub, o betonları dəyişirdilər. Bildiyim qədərilə, təzə beton plitə krandan qırılaraq düşüb köhnələrin üstünə və hər iki işçi dənizə düşüb.

2010-2022-ci illərdə əmək qanunvericiliyinin pozulması nəticəsində, ya  işəgötürənin günahından, ya da ölkənin neft sektorunda baş vermiş qəzalar nəticəsində 161 nəfər həlak olub ki, bunun da 131 nəfəri SOCAR-ın işçisidir.

İllərdir monitorinq aparırıq, hələ də ölüm hadisələrinə görə Əmək Məcəlləsinin tələblərilə bircə nəfər də işəgötürən işdən azad olunmayıb. “Azneft” İB-da ölüm hadisələri olandan sonra direktor Daşqın İsgəndərovu SOCAR-ın vitse-prezidenti təyin etdilər, indi də müşavirdir.  Bu, bir misaldır”, – deyə M.Qəhrəmanlı bildirib.

Məsələ ilə bağlı açıqlama almaq üçün Dövlət Neft Şirkətinə müraciət etsək də, sorğumuza cavab verilmədi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun