Fərid Səfərliyə "son söz" verilmədən iki il həbs cəzası verildi

Fərid Səfərliyə "son söz" verilmədən iki il həbs cəzası verildi Foto: Sosial media
18 Avqust 2023
Mətni dəyiş

Səfərli qərardan apellyasiya şikayəti verəcək 

İranda saxlanılaraq “casusluq etmək niyyəti”ndə ittiham olunan Fərid Səfərliyə hökm oxunub. O, iki il müddətinə azadlıqdan məhrum edilib. 

Bu barədə onun anası Dilarə Əsgərova Abzas Media-ya məlumat verib. 

O bildirib ki, oğlu günahsızdır və qərardan apellyasiya şikayəti verəcəklər. 

"Fərid dünən qərarı alıb, iki il həbs cəzası veriblər. Vəkil prosesin sonunda qoşuldu, məhkəmənin gedişatına heç bir təsiri olmadı. Hakim sadəcə öz ofisində oturub Fəridə son söz vermədən qərar verib",- D. Əsgərova bildirib. 

Almaniyada tibb təhsili alan azərbaycanlı tələbə Fərid Səfərli İrana səfəri zamanı, martın 3-dən etibarən itkin düşüb. Ailəsi bildirirdi ki, o, İrana rəfiqəsi ilə görüşməyə gedib, bundan sonra Almaniyadakı tələbə yoldaşlarına zəng edib geri qayıtması üçün bilet almalarını xahiş edib. Ancaq sonradan onunla əlaqə kəsilib.  

Xarici İşlər Nazirliyi bununla bağlı İrana nota ünvanlayıb məlumat istəsə də, onlar cavab vermirdi. Yalnız üç ay sonra, iyunun 2-də Səfərlinin İranda "casusluq" ittihamı ilə həbs edildiyi məlum olub. 

2 avqustda Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayaraq bildirib ki, Fərid Səfərliyə qarşı məhkəmə iclasında irəli sürülmüş "casusluq” ittihamı "casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun