FHN-də kütləvi ixtisarların olduğu bildirilir

FHN-də kütləvi ixtisarların olduğu bildirilir Foto: sosial media
24 Avqust 2023
Mətni dəyiş

Şikayətçi: “Son 10 gündə 20 nəfər işdən çıxarılıb”

Fövqəladə Hallar Nazirliyində (FHN) və tabeli qurumlarda çalışan əməkdaşların kütləvi şəkildə işdən çıxarıldığı bildirilir.

Abzas Media-ya bu barədə FHN-də işləyən, təhlükəsizlik səbəbindən adının açıqlanmasını istəməyən əməkdaş məlumat verib.

Onun sözlərinə görə, avqustun 22-də FHN-in Qarabağ, 23-də Bakı Regional Məkəzinin işçiləri işdən çıxarılıb:

“Məlumat var ki, avqustun 28-də FHN-in Tibb Mərkəzindən və Bakı Regional Mərkəzindən yenə işdən çıxarılanlar olacaq”.

Şikayətçi deyir ki, FHN Qarabağ Regional Mərkəzin rəisi Mirəli Feyziyev işdən çıxarılması nəzərdə tutulan əməkdaşlara əvvəlcədən ayrı-ayrılıqda xəbərdarlıq edib ki, sizi işdən çıxaracaqlar:

“Onlardan biri səbəb soruşub, Mirəli müəllim deyib, səbəb yoxdur. Bu da deyib ki, mən bu yerlərə əziyyətlə gəlib çıxmışam, səbəbsiz yerə adam çıxararlar? Mirəli müəllim ona deyib "ərizə yaz ki, maaş qane eləmir, çıx işdən". İşçi də bundan imtina edib ki, maaş məni qane edir.  Daha sonra, FHN-in Daxili Təhlükəsizlik Baş İdarəsindən gəlib ondan iş vəsiqəsini və xidməti avtomobilini alıblar. Amma o, hələ də işdən çıxmaqla bağlı ərizə yazmır. Ölkə rəhbərliyinə müraciət edib, bundan sonra FHN Kadr Siyasəti Baş İdarəsindən zəng ediblər ki, şikayətlərini geri götür və işdən çıx, yoxsa daha pis olacaq.

Son 10 gündə 20 nəfər işdən çıxarılıb. Bunlar nazirliyin, Qarabağ və Bakı regional mərkəzlərinin, eyni zamanda, Yevlax və Mingəçevir yanğından mühafizə xidmətlərinin əməkdaşları olub. Hamısını təhdid ediblər ki, çıxmasanız, hüquq-mühafizə orqanlarını çağırıb, sizin işinizi yoxlatdırıb, elə həll edəcəyik məsələni”, – deyə o, bildirib.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verilməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun