Azərbaycanda bahalaşma səviyyəsi region ölkələrindən yüksəkdir

Azərbaycanda bahalaşma səviyyəsi region ölkələrindən yüksəkdir Foto: azerforum.com
4 Avqust 2023
Mətni dəyiş

Bu barədə məlumatı “Telegram” platformasında iqtisadi təhlillər təqdim edən “Çəpəki” səhifəsi yayıb

 Cənubi Qafqaz ölkələrinin statistika idarələrinə istinadən hazırlanan müqayisəyə görə, ilin ilk 6 ayı ərzində Azərbaycanda 12.7 faiz, Gürcüstanda 4.6 faiz, Ermənistanda 4.2 faiz inflyasiya qeydə alınıb.

Hökumət nümayəndələri adətən inflyasiyanı xarici amillərlə, dünya bazarındakı qiymət artımı ilə əlaqələndirirlər. Bəs görəsən, niyə Azərbaycandakı inflyasiya səviyyəsi digər region ölkələrilə müqayisədə daha yüksəkdir?

İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, Azərbaycanda inflyasiya səviyyəsinin Qafqaz ölkələri və Avropa Birliyi ölkələrilə müqayisədə çox olmasını şərtləndirən müxtəlif amillər var. Onun sözlərinə görə, bunlardan birincisi idxaldan asılılıqdır:

“Çünki bir sıra məhsulların qiyməti dünya bazarında da artır və bu asılılıq xüsusilə də pandemiyadan sonrakı dövrdə nəqliyyat xərclərinin əhəmiyyətli səviyyədə qalxmasına səbəb oldu. Bu istiqamətdə fəaliyyət göstərən şirkətlərin inhisarçı mövqeləri qiymətlərin artması ilə nəticələndi. Beləliklə, dolayısı ilə Azərbaycana idxal olunan məhsulların maya dəyəri çox baha qiymətə çıxır və bu da inflyasiyanı artıran əsas amillərdən biridir.

İkinci səbəb- dövlət büdcəsinin xərcləmələridir. Büdcə xərcləmələri artır və bu artım da bazarda pul kütləsinin çoxalmasına və inflyasiyanın yüksəlməsinə səbəb olur.

Üçüncü amil- Azərbaycan bazarının strukturundan qaynaqlanır. Bazar liberal deyil və bu da təchizatçılara, tədarükçülərə rahat şəkildə qiymət artırmağa imkan yaradır”.

İqtisadçı deyir ki, əsas amillərdən biri də quru sərhədlərinin bağlı olmasıdır.

Onun sözlərinə görə, xüsusilə Azərbaycanın sərhəd bölgələrində istehlakın böyük hissəsi qonşu ölkələrin hesabına olub:

“Hansı ki, milyon yarımdan artıq Azərbaycan vətəndaşı bu bölgələrdə yaşayır. Onlar həm xırda ticarət üçün, həm aylıq istehlak üçün İran, Türkiyə, Rusiya, Gürcüstan kimi ölkələrlə işləyirdilər. Bu məcmu tələbin həcminə təsir göstərməklə qiymətləri də optimallaşdırırdı və inhisar təzyiqlərini də qismən də olsa zəiflədirdi. Son üç ildə quru sərhədlərin bağlı olması da bu istiqamətdə mühüm problemlərdən biri kimi qiymətləndirilir”.

Ekspert hesab edir ki, vacib məsələlərdən biri də yerli istehsaldan qaynaqlanır. “Manatın məzənnəsinin sabit qalması, region ölkələrilə müqayisədə məzənnənin möhkəmlənməsi yerli istehsalın baha başa gəlməsini şərtləndirməklə bu istiqamətdə bizim üzləşdiyimiz mənzərənin ortaya çıxmasına səbəb olur” – deyə Rəşad Həsənov bildirir.

İyulun 11-də ölkə başçısı İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə keçirilib. Əliyev ölkədəki inflyasiya rəqəmlərinin arzuolunan səviyyədə olmadığını bildirib:

“Əlbəttə ki, inflyasiyanın ikirəqəmli olması bizi düşündürməlidir. Ümid edirəm ki, ilin sonuna qədər inflyasiya birrəqəmli səviyyəyə düşə bilər. Burada təbii səbəblərlə yanaşı, subyektiv səbəblər də vardır. Onlar daha ciddi araşdırılmalıdır və ilin sonuna qədər atılacaq addımlarla bağlı təkliflər verilməlidir. Çünki Azərbaycanın bütövlükdə iqtisadi potensialı və iqtisadi sahədə əldə edilmiş nəticələr fonunda inflyasiyanın 12 faiz səviyyəsində olması, əlbəttə ki, arzuolunan deyil” – deyə o, əlavə edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun