Avropa Parlamentinin iki rəhbər şəxsi Qubad İbadoğlunu azad etməyə çağırıb

Avropa Parlamentinin iki rəhbər şəxsi Qubad İbadoğlunu azad etməyə çağırıb Foto: musavat.com
22 Avqust 2023
Mətni dəyiş

“Qubad İbadoğlunun işi son aylarda Azərbaycanda insan hüquq və əsas azadlıqlarının vəziyyətinin pisləşməsindən xəbər verir”

Avropa Parlamentinin Cənubi Qafqaz üzrə nümayəndə heyətinin rəhbəri Marina Kalyurand və Avropa Parlamentinin Azərbaycan üzrə daimi məruzəçisi Jeliana Zovko Qubad İbadoğlu və Elçin Sadıqov işi üzrə birgə bəyanat yayıb.

Bəyanatı Turan İnformasiya Agentliyi dərc edib.

Bəyanatda qeyd olunur ki, Qubad İbadoğlu ləyaqəti alçaldan rəftara, ailəsi və vəkili ilə məhdud təmaslara məruz qalır ki, bu da onun fundamental hüquqlarının pozulması deməkdir:

“Biz Azərbaycanın tanınmış alimi, müxalifət lideri Qubad İbadoğlunun həbsindən və səhhətinin sürətlə pisləşməsindən ciddi narahatıq. Ona pəhriz qidası və zəruri  dərmanlar verilmir. Azərbaycan hakimiyyətini onu təcili olaraq lazımi tibbi yardım və dərmanlarla təmin etməyə və dərhal azad etməyə çağırırıq”.

Birgə bəyanatda qeyd olunur ki, Qubad İbadoğlunun işi son aylarda Azərbaycanda insan hüquq və əsas azadlıqlarının vəziyyətinin pisləşməsindən xəbər verir:

“Polad Aslanov və Bəxtiyar Hacıyev kimi müxalif siyasətçilər, müstəqil jurnalistlər və hüquq müdafiəçiləri şübhəli ittihamlarla həbsdə saxlanılır. Hüquq müdafiəçisi Elçin Sadıqova qarşı davam edən cinayət işindən və onun vəkillik lisenziyasına  xitam verilməsindən də təəssüflənirik. Bütün siyasi məhbusların dərhal azad edilməsinə və bütün siyasi motivli ittihamların götürülməsinə çağırırıq. Azərbaycan hakimiyyətini fundamental azadlıqları və insan hüquqlarını qorumağa çağırırıq və qeyd edirik ki, davamlı olaraq bunu etməmək ölkənin beynəlxalq imicinə və nüfuzuna ciddi ziyan vurur”, - deyə bəyanatda qeyd olunub.

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının lideri Qubad İbadoğlunu iyulun 23-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin ("Bandotdel") əməkdaşları saxlayıb. Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. DİN-in yaydığı məlumata əsasən, az əvvəl FETÖ ilə əlaqədar həyata keçirilmiş xüsusi əməliyyat zamanı saxlanılan dörd nəfərdən birinin İbadoğlu ilə əlaqələri müəyyən edilib və bu da onun istintaqa cəlb edilməsinə səbəb olub.

Daha sonra ona məxsus mülklərdə axtarış aparılıb. İyulun 24-də Nərimanov Rayon Məhkəməsi müxalif siyasətçi barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçib.

Q. İbadoğlu verilmiş ittihamla özünü təqsirli bilmir və həbsini siyasi fəaliyyəti ilə bağlayır.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komisarlığı da daxil olmaqla, bir sıra nüfuzlu beynəlxalq təşkilatlar, Qərb və Avropa ölkələrinin səfirlikləri Azərbaycan hökumətini Q. İbadoğlunun hüquqlarını təmin etməyə və onu azad etməyə çağırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun