Apellyasiya Məhkəməsi Qubad İbadoğlunu həbsdə saxlayıb

Apellyasiya Məhkəməsi Qubad İbadoğlunu həbsdə saxlayıb Foto: musavat.com
7 Avqust 2023
Mətni dəyiş

Qalib Toğrul: “Proseslərin gedişi onu göstərir ki, pozitiv nəticə gözləməyə əsas yoxdur”

Avqustun 7-də Apellyasiya Məhkəməsi iqtisadçı alim və müxalif siyasətçi Qubad İbadoğlunun həbsinin ev dustaqlığına dəyişdirilməsilə bağlı şikayəti təmin etməyib.

Vəkil Bəhruz Bayramov bildirib ki, məhkəmə vəsatəti “əsassız” hesab edib. O deyib ki, İbadoğlu məhkəmədə iştirak edib və yenə də özünü günahkar hesab etməyib. O, siyasi fəaliyyətinə görə təqib olunduğunu bildirib.

“Səhhəti ağır olaraq qalır”

Qubad İbadoğlunun səhhəti isə yaxşı deyil. Bu haqda Abzas Media-ya siyasətçinin qardaşı Qalib Toğrul məlumat verib. Onun sözlərinə görə, qardaşının vəziyyəti stabil ağır olaraq qalır:

“Təzyiqi düşmür, ürəyindəki problemlər davam edir. Şəkəri də düşmür və böyrəyində fəsadlar yaradır. İndi boğazında düyünlər müşahidə olunur ki, bu da sinir sisteminin pozulması ilə bağlıdır. Orada şərait elədir ki, onun sağlamlığının normal vəziyyətdə olması mümkün deyil. Havasızlıqdır, hərəkətsizlikdir. Hətta dərmanlarını qəbul etsə belə normallaşmayacaq. İndi tibb müəssisəsinə köçürülməsilə bağlı addımlarımızı vəkili ilə müzakirə edəcəyik”.

Siyasətçinin həbsdə saxlanma şəraitindən nazarı olması, səhhətində yaranmış problemlər və bunlarla bağlı atılan addımlar haqda Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyevaya sorğu ilə müraciət etsək də, sorğumuz cavablandırılmadı.

İctimaiyyət nümayəndələri prezidentə müraciət edib

Qalib Toğrul deyir ki, qardaşı ilə bağlı ictimaiyyət nümayəndələri ölkə başçısına müraciət etsə də, müsbət nəticəyə çox da ümidi yoxdur: “Hələlik proseslərin gedişi onu göstərir ki, pozitiv nəticə gözləməyə əsas yoxdur” – deyə o bildirib.

Xatırladaq ki, iki gün əvvəl, avqustun 5-də bir qrup ictimai-siyasi şəxs həbsdə olan professor Qubad İbadoğlunun azadlığa buraxılmasına şərait yaratması üçün ölkə başçısı İlham Əliyevə müraciət edib.

Müraciəti ümumilikdə 141 nəfər elm və incəsənət adamı - jurnalist, siyasətçi, hüquq müdafiəçisi imzalayıb. Onlar Qubad İbadoğlunun həbsinin ölkənin nüfuzuna zərər verdiyini bildirib, elmi fəaliyyətinin nəzərə alınmasını və azadlığa buraxılması üçün şərait yaradılmasını ölkə başçısından xahiş ediblər.

Müraciətçilərdən biri, keçmiş diplomat, professor Nəsib Nəsibli deyir ki, Qubad İbadoğlu ilə bağlı ittihamlar ona inandırıcı görünmür:

“Düşünən, yaradıcı insandır, tanınmış alimdir, azad olunmalıdır, bundan təbii nə var?! Onun yeri zindan deyil, azadlıqdır. Çox yanlış bir praktika var ki, o dəqiqə tutub adamı zindana salırlar. Əgər ciddi istintaq gedirsə, şübhə varsa, bu adamın ölkə sərhədlərindən çıxmaması ilə bağlı qərar verib işi aparmaq olar. Daha onu zindana salmağın bir mənası yoxdur. Ona qarşı irəli sürülən ittihamlar mənə inandırıcı gəlmir. O, alimdir, pul kəsə bilməz, FETÖ hərəkatının üzvü ola bilməz”, – deyə Nəsibli bildirib.

İbadoğlu özünü təqsirli bilmir

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlunu iyulun 23-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin ("Bandotdel") əməkdaşları saxlayıb. Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. DİN-in yaydığı məlumata əsasən, az əvvəl FETÖ ilə əlaqədar həyata keçirilmiş xüsusi əməliyyat zamanı saxlanılan beş nəfərdən birinin İbadoğlu ilə əlaqələri müəyyən edilib və bu da onun istintaqa cəlb edilməsinə səbəb olub. 

Daha sonra ona məxsus mülklərdə axtarış aparılıb. İyulun 24-də Nərimanov Rayon Məhkəməsi müxalif siyasətçi barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçib.

Q. İbadoğlu verilmiş ittihamla özünü təqsirli bilmir və həbsini siyasi fəaliyyəti ilə bağlayır.

Bir sıra Qərb ölkələrinin səfirlikləri Azərbaycan hökumətindən Q. İbadoğlunun hüquqlarını təmin etməyə, onu azad etməyə çağırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun