Afiəddin Məmmədov 30 sutkalıq həbsdən sonra azadlığa buraxılıb

Afiəddin Məmmədov 30 sutkalıq həbsdən sonra azadlığa buraxılıb Foto: arqument.az
31 Avqust 2023
Mətni dəyiş

"Polislər məni tutanda özləri məndən ərazinin hansı bölməyə aid olduğunu soruşdular, mən 26-cı bölmə deyəndən sonra ora apardılar”


İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov 30 sutkalıq inzibati həbs cəzasını bitirərək bu gün azadlığa çıxıb.

Avqustun 1-də moped sürən kuryerlərin etiraz aksiyası baş tutub. Onlar yol polislərinin nəqliyyat vasitələrini cərimə meydançasına aparmasına etiraz ediblər. Kuryerlərin etiraz aksiyasında İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının üzvləri də iştirak edib. 
Konfederasiyasının sədri Afiəddin Məmmədov aksiyadan sonra saxlanılaraq, 30 sutka müddətinə həbs olunub.

Abzas Media-nın suallarını cavablandıran A.Məmmədov həbsinin məhz kuryerlərin aksiyalarına verilən dəstəklə bağlı olduğunu deyib:

“Əslində bu təhdid, təzyiq və həbslərlə İşçi Masasının ümumi varlığına son qoymaq, onun fəaliyyətini dayandırmaq istəyirlər. Təşkilatı dağıtmağa çalışırlar. Əsas funksionerləri həbs edirlər, bəzi adamlara təzyiqlər göstərilib, İdarə Heyətinin bir neçə üzvü təhdid olunub. Buna baxmayaraq, biz fəaliyyətimizi davam etdirməliyik. Geri çəkilmək niyyətimiz yoxdur”.

İttiham edildiyi maddələrdən biri “polisin qanuni tələbinə tabe olmama” olan Afiəddin Məmmədov saxlanılarkən polisə heç bir müqavimət göstərmədiyini deyib:

“Mən Azərbaycan prospektindən aşağıdakı küçə ilə mərkəzə doğru hərəkət edirdim. Əlimdə siqaret vardı. Birdən arxadan iki nəfər yaxınlaşdı, qolumu buraraq maşına otuzdurdular. Orada heç bir danışıq olmadı, polisə müqavimətdən söhbət gedə bilməz. Hətta oradakı polislər özləri məndən ərazinin hansı bölməyə aid olduğunu soruşdular, mən 26-cı bölmə deyəndən sonra ora apardılar”.

A.Məmmədov həbsxanada ona hər hansı təzyiqin olmadığını deyib. O bildirib ki, həbs olunduğu andan etibarən onunla heç kim ünsiyyət qurmayıb.

“Barəmdə yeni cinayət işinin açılacağını gözləyirdim. İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq)  və 535.1-ci (polisin qanuni tələbinə  qəsdən tabe olmamaq) maddələri üzrə ittiham olunduğumu məhkəmə zalında öyrənmişdim”.

Afiəddin Məmmədov həbsindən sonra, avqustun 3-də Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində aclıq aksiyasına başlayıb, avqustun 5-də  aksiyanı dayandırıb. O, aksiyanı bir il ərzində üçüncü dəfə həbs edilməsinə etiraz olaraq keçirdiyini deyib.

“Hər bir hadisədə məni 30 sutka həbs etmələri bezdirmişdi. Buna görə də etirazımı bildirmək üçün aclıq aksiyasına başladım. Daha sonra səhhətimlə bağlı problemlər yarandığına görə, aksiyanı dayandırmalı oldum. Amma cinayət işi açılsaydı, bunu davam etdirəcəkdim”.

Afiəddin Məmmədov İşçi Masasının cinayət işi açılmış digər üzvlərinin fəaliyyətlərini dayandırmaq qərarlarına da münasibət bildirib. 

“Əsas funksionerlərimizdən bir neçəsi bu qərara gəlib və təşkilatdan uzaqlaşıb. Amma bunun bizim hərəkata elə də güclü təsir edəcəyini düşünmürəm. Konfederasiyanın kifayət qədər üzvü var və onların arasında aktivlik göstərənlərin sayı çoxdur. Biz hamının önə keçməsini məsləhət görmürdük. Həmişə arxa planda da bir neçə nəfər olurdu. Öndə olanlardan bir-iki nəfər kənarlaşmaq qərarına gəlib. Buna hörmətlə yanaşırıq. Biz heç bir üzvümüzün hansısa təzyiqlərə, təhdidlərə məruz qalmasını istəmirik. Qaldıqları təqdirdə hər hansı dözümsüzlük göstərirlərsə, buna da hörmətlə yanaşırıq və çəkilmələrində heç bir problem yoxdur. Bunun fəaliyyətimizə təsir göstərəcəyini düşünmürəm. İşçi Masası iki ildir fəaliyyət göstərir və artıq oturuşmuş sistemi var. Bu sistemdə mən özüm də həbs olunsam, yaxud təşkilatdan uzaqlaşsam, bunun ümumi işə təsiri olmayacaq. Hərəkatın fəaliyyətini davam etdirəcək qüvvələr var, yetişir və yetişməkdə davam edəcək”.

Afiəddin Məmmədov bundan əvvəl 2023-cü ilin fevralında ictimai fəal Bəxtiyar Hacıyevə azadlıq tələbi ilə keçirilən aksiyada saxlanılıb və 30 sutka inzibati qaydada həbs cəzası alıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun