Söyüdlü sakini: “Polislər kimi aparmışdılarsa, hamısını döyüblər”

Söyüdlü sakini: “Polislər kimi aparmışdılarsa, hamısını döyüblər” Foto: sosial media
3 İyul 2023
Mətni dəyiş

"Polislər kimdən şübhələnirlərsə, telefonun əlindən alıb aparıb kompüterə salırlar, yoxlayırlar görək kimlə əlaqədədir"

Gədəbəyin Söyüdlü kəndindəki ekoloji etirazlardan 13 gün keçsə də, kəndin giriş-çıxışına polis nəzarəti davam edir.

Təhlükəsizliyinə görə adının açıqlanmasını istəməyən kənd sakini Abzas Media-ya bildirib ki, polislər sakinləri tələblərini dilə gətirməmək üçün hədələyirlər.

“Aksiyada "Əsgərlik yaşında 4 uşağım var, hərbi xidmətə göndərməyəcəm” deyən Xəyal adlı oğlanı çağırıb hədələyiblər. Polislər kimi aparmışdılarsa, hamısını döyüblər. Mənim də gözümə qaz sıxılmışdı, hələ də gözümü açıb dünyaya baxa bilmirəm, gözüm ağrıyır. Uşağına dərman almaq üçün gedəndə tutulan Şöhrət Əsgərovu da Gədəbəyin Polis İdarəsində döyüb, sonra buraxıblar. Yolları da kəsiblər, çox adam kənddən çölə çıxa bilmir. Çıxanları da yoxlayıb sonra buraxırlar. Yolların hər tərəfinə də polis töküblər”- kənd sakini deyib.

Kənd sakini deyir ki, polislər kənddə kimdən şübhələnirlərsə, zəng eləyib şöbəyə çağırırlar: “Bunlar da getməyəndə, kəndə gəlib götürüb aparırlar. Telefonun əlindən alıb aparıb kompüterə salırlar, yoxlayırlar görək kimlə əlaqədədir”.

Kənd sakininin sözlərinə görə, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev kənddə etirazçıları yox, loyal vətəndaşları qəbul edib. O, görüşdə iştirak etmək istəsə də, tədbir yerinin yaxınlığına buraxılmadığını deyir.

“Ataların bir sözü var, deyir, varlı elə bilir hamı varlıdır, kasıb elə bilir hamı kasıbdır. İndi zülmlə yaşayırıq, dolana bilmirik, məhsulumuz olmur, ağaclar bar vermir. Kənd yerində ola-ola kartofu pulla alırıq. Amma danışanda deyirlər, gölün təhlükəsi yoxdur. Bizi nazirlə görüşə buraxmadılar. Adamları söz deməyə qoymadılar, nazir də bircə saat orada qalmadı”.

Kənd sakininin sözlərinə görə, onların əsas tələbi ikinci gölün salınmaması və həbs olunanların azadlığa buraxılmasıdır.

"Mənim ciyərlərim xəstədir, nəfəs ala bilmirəm. Kasıb insanam. Hamı da kasıbların başından basır. Bircə istəyimiz odur ki, ya bizi buradan köçürsünlər, ya da ikinci gölü tikməsinlər. Tutulan adamlarımızın da buraxılmasını tələb edirik".

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Zeyni Hüseynov sualımızı şifahi formada cavablandırmaqdan imtina edib.

İyunun 20-də Gədəbəyin Söyüdlü kəndinin sakinləri qızıl-mədən şirkətinin sianidlə zəhərli ikinci süni göl salmasına etiraz ediblər və tikintinin dayandırılmasını tələb ediblər. Onlar bildiriblər ki, ərazidə fəaliyyət göstərən “Azerbaijan International Mining Company” şirkəti kənddə zərərli, kimyəvi tullantıların atılacağı ikinci göl yaratmağa çalışır. Buna etiraz edən sakinlər polis zorakılğına məruz qalıblar. Onlara qarşı gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə olunub. Yayılan görüntülərdə polisin qadınlara yaxın məsafədən gözyaşardıcı qaz tətbiq etdiyi görünür. Hadisənin növbəti günü DİN açıqlama yayıb ki, polis "emosiyaya qapılaraq qadına qarşı ciddi qəbahətə yol verib və bu əmələ hüquqi qiymət veriləcək".

Hadisənin üstündən 13 gün keçsə də, həmin polislərin müəyyən edilib, cəzalandırılması ilə bağlı məlumat yoxdur. İyunun 26-da DİN rəsmisi Zeyni Hüseynov bildirib ki, polislərlə bağlı araşdırma aparılır.

"Hazırda həm sakinlərin, həm də polis əməkdaşlarının müraciətlərinə əsasən araşdırma aparılır. Araşdırma hələ yekunlaşmayıb. Məlumat veriləcək".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun