Söyüdlü hadisələrinə etiraz olaraq divarlara şüar yazan tələbə həbs olunub

Söyüdlü hadisələrinə etiraz olaraq divarlara şüar yazan tələbə həbs olunub Foto: sosial media
17 İyul 2023
Mətni dəyiş

Məhərrəm Əkbərov 30 sutka inzibati həbs edilib

Türkiyənin “Orta Doğu Teknik Üniversitesi”-nin (ODTÜ) 3-cü kurs tələbəsi Məhərrəm Əkbərov Bakıda həbs olunub.

O, Türkiyənin “Sosyalist Emekçiler Partisi”nin “İnqilabın Səsi” adlı beynəlxalq qolunuda Qafqaz üzrə tələbələrlə işləyib.

Bu barədə məlumatı Abzas Media-ya "Demokratiya 1918" Hərəkatının sədri Əhməd Məmmədli verib.

16 iyulda gənc Xətai Rayon Məhkəməsinə çıxarılıb. O, İnzibari Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq, ictimai qaydanı pozma)  və 535-ci (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddələrilə ittiham olunaraq 30 gün müddətində həbs olunub.

Məmmədli bildirib ki, Məhərrəm Əkbərov Gədəbəyin Söyüdlü kəndində ekoloji etirazlara dəstək məqsədilə divarlara şüarlar yazdığı üçün həbs olunub.

Onun sözlərinə görə, tələbəni iyulun 15-i axşam saatlarında evinin yaxınlığından Bakı Şəhər Baş Polis İdarəsinin  əməkdaşları aparıb.

“Qonşular görüblər ki, mülki geyimli şəxslər onu zorla maşına mindirib, aparıblar. Bundan sonra onun ailəsinə xəbər veriblər. Onun atası da bir neçə il əvvəl şərlənərək həbs olunub. Ailəsi Abşeron Rayon Polis İdarəsinə gedəndə, oradan təhdid ediblər ki, uşağı da atasının yanına göndərəcəyik. Deyiblər ki, həbslə bağlı mətbuata məlumat versəniz, oğlunuzun işi daha da ağırlaşacaq” – Məmmədli bildirib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən zənglərimizə cavab verilməyib.

Əhməd Məmmədli bildirib ki, hələ ki, tələbənin vəkili yoxdur. O, yaxın müddətdə onun vəkillə təmin olunacağı və həbsindən apellyasiya şikayəti veriləcəyini bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun