Qubad İbadoğlu saxlanma şəraitdən narazıdır

Qubad İbadoğlu saxlanma şəraitdən narazıdır Foto: musavat.com
31 İyul 2023
Mətni dəyiş

İqtisadçının yaxınları bildirir ki, o havasız otaqda 5 nəfərlə birlikdə saxlanılır, sovqatları verilmir

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının həbsdə olan sədri, iqtisadçı alim Qubad İbadoğlu saxlanma şəraitindən narazıdır.

Abzas Media-ya bu barədə siyasətçinin qardaşı Qalib Toğrul məlumat verib.

Q.Toğrul bildirib ki, Qubad İbadoğlu çox kiçik bir otaqda 5 nəfərlə birlikdə saxlanılır.

Onun sözlərinə görə, havadəyişmə sistemi olmadığı üçün otaqda oksigen çatışmazlığı var:

“Qubad müəllimin iki əsas xəstəliyi var - biri orqanın anevrizmasıdır, digəri ağır formalı şəkərli diabet. Hazırki təzyiqi sabit yuxarı təzyiqdir. Belə olanda da, yüksək təzyiq həyati risk yaradır. Bu xəstəliyi olan birini elə çox adam olan otaqda saxlamamalıdırlar. Şəkərilə bağlı da narahatlıq var. Biz ona səhhətini mütəmadi nəzarətdə saxlamaq üçün Apellyasiya Məhkəməsinə həm təzyiq ölçən, həm də şəkər ölçən aparat gətirdik, amma çox təəssüf ki, onu qəbul etmədilər. Heç orada təzyiqin, şəkərin ölçməyə də imkan vermədilər. O, xəstəliklə əlaqədar gün ərzində 4-5 litr su içir, biz ona təmiz su keçirtmək istədik, çox təəssüf ki, qəbul etmədilər. İndi o məcburdur ki, krantdan gələn təmizlənməmiş suyu qəbul etsin. Özləri də onu bütün bunlarla təmin etmirlər”.

Qalib Toğrul deyir ki, Bakı İstintaq Təcridxanasında hamıdan istənilən həcmdə  ərzaq qəbul edirlər, ancaq onlardan yox:

“Hətta içəri soyuducu keçirənlər var, amma bizdən götürmürlər. Bizə deyirlər ki, 5 kq-dan artıq ərzaq və paltar keçirmək olmaz. Bu adam da şəkər xəstəsidir, dietik yeməklər yeməlidir. Həftədə bir dəfə 5 kiloqramla bunu təmin etmək mümkündürmü? Amma hamı orda az qala torba ilə ərzaq keçirir içəri”.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Abzas Media-ya bildirilib ki, həbs edilən şəxsin görüş və sovqat məsələsi ilə bağlı qərarları istintaq təcridxanası vermir:

“Görüş və sovqatla bağlı qərar onu həbs edən orqanın səlahiyyətindədir. Ona görə də bu məsələləri həbs edən orqanla dəqiqləşdirin”- Penitensiar Xidmətdən bildirilib.

Vəkil Elçin Sadıqov isə deyir ki, məhkuma sovqat verilməsi ilə bağlı məsələləri istintaq orqanı tənzimləmir:

“Bununla bağlı qaydalar var. Həm "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Qanun, həm də "Həbs yerlərində saxlanma ilə bağlı" əsasnamə var.  Qanuna və əsasnaməyə görə, istintaq orqanı sovqat məsələsində səlahiyyət sahibi deyil. İstintaq orqanı ancaq görüş və telefon əlaqəsilə bağlı hansısa məhdudiyyətlər tətbiq edə bilər, o da əsaslandırılmış qərarlar olduqda” – deyə vəkil bildirib. 

“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunun 25.1-ci maddəsində deyilir ki, həbs edilmiş şəxs həftədə bir dəfə, tutulmuş şəxs isə hər gün bağlama, sovqat ala bilər. Bir sovqatın çəkisi bir bağlama üçün müəyyən olunmuş çəkidən artıq olmamalıdır. Amma ağır xəstəlikdən əziyyət çəkənlər (bu barədə tibbi rəy olduqda) say məhdudiyyəti olmadan bağlama, sovqat ala bilərlər.

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlunu iyulun 23-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin ("Bandotdel") əməkdaşları saxlayıb. Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Daha sonra ona məxsus mülklərdə axtarış aparılıb. 24 iyulda Nərimanov Rayon Məhkəməsi müxalif siyasətçi barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçib.

Q. İbadoğlu verilmiş ittihamla özünü təqsirli bilmir və həbsini siyasi fəaliyyəti ilə bağlayır.

Bir sıra Qərb ölkələrinin səfirlikləri Azərbaycan hökumətindən Q. İbadoğlunun hüquqlarını təmin etməyə, onu azad etməyə çağırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun