Prezidentə müraciətindən sonra vəkilin fəaliyyəti dayandırılıb

Prezidentə müraciətindən sonra vəkilin fəaliyyəti dayandırılıb Kollaj: AbzasMedia
7 İyul 2023
Mətni dəyiş

Elçin Sadıqov: “Bu, hüquqi qərar deyil, siyasi qərardır”

Vəkillər Kollegiyası əsasən ictimai-siyasi fəalların hüquqlarını müdafiə edən vəkil Elçin Sadıqovun fəaliyyətini dayandırıb.

Bu barədə Elçin Sadıqov Abzas Media-ya məlumat verib. Qərar kollegiyanın Rəyasət Heyətinin 6 iyulda keçirilən iclasında qəbul edilib.

Rəyasət Heyəti vəkilin fəaliyyətinə xitam verilməsi üçün məhkəməyə müraciət edəcək.

Elçin Sadıqov deyir ki, kollegiya jurnalist Eynulla Fətullayevin müraciəti əsasında belə qərar qəbul edib. Onun sözlərinə görə, Fətullayevin səlahiyyəti olmadığı halda bu müraciətə baxılması qanunsuzdur:

“Mən may, iyun aylarında ictimai-siyasi fəallara və başqa şəxslərə yönəlik işgəncə halları ilə bağlı bir neçə işə çıxmışdım. Qərar buna görədir. Mənimlə bağlı şikayət vermək səlahiyyəti olmayan şəxs şikayət verib. İntizam icraatını aparan şəxs özü Eynulla Fətullayevin dostudur, jurnalist özü bunu Facebook-da yazıb. Beləliklə, özü-özünün iştirakına etiraz etməli olan şəxs tərəfindən intizam icraatı aparılıb. Digər tərəfdən, cinayət işi davam etdiyi üçün intizam icraatı aparıla bilməz, kollegiya təqsir müəyyən edən qurum deyil. Kollegiya təqsirsizlik prezumpsiyamı pozub. Bununla yanaşı, kollegiyanın gəldiyi nəticə cinayət işi, Baş Prokurorluğun qərarı ilə ziddiyyət təşkil edir”.

Vəkil Elçin Sadıqov 25 iyunda ölkə başçısı İlham Əliyevə müraciət edərək onun Vəkillər Kollegiyasından qanunsuz çıxarılmasının qarşısını almağa çağırmışdı.

"İnsan hüquq və azadlıqların müdafiə edən bir vəkil olaraq Sizdən xahiş edirəm mənim öz fəaliyyətimi təhlükəsiz və müstəqil həyata keçirməyimə kömək edəsiniz, mənə qarşı qanunsuz intizam, cinayət təqib və təzyiqlərinə son verilməsinə göstəriş verəsiniz"- vəkilin müraciətində qeyd olunurdu.

Vəkil bildirir ki, onun müraciətinə cavab Vəkillər Kollegiyasında fəaliyyətinin dayandırılması ilə nəticələndi:

"Prezidentə müraciətimə cavab dünən kollegiyadan çıxarılmağımla bağlı qərarla verildi. Ancaq bu, hüquqi qərar deyil, siyasi qərardır. Mən Vəkillər Kollegiyasına müraciət edəcəm ki, məsələyə yenidən baxsınlar. İnanıram ki, qərar ləğv ediləcək” – deyə o, bildirib.

Vəkillər Kollegiyası Aparatının baş məsləhətçisi Səttar Məmmədov təsdiqləyib ki, Elçin Sadıqovun vəkillik fəaliyyəti dayandırılıb.

Onun sözlərinə görə, kollegiyanın Sadıqovun fəaliyyətinə xitam vermək səlahiyyəti olmadığı üçün məhkəməyə müraciət ediləcək:

“Biz yalnız vəkilin fəaliyyətini dayandırmışıq, məhkəmə nə qərar verəcəksə, o əsas götürüləcək. Belə olan halda o, icraatında olan işlərə də çıxa bilməyəcək. İşin detalları konfedensial olduğu üçün açıqlamırıq. Elçin Sadıqovun iclasda iştirakı təmin olunub. Şəxsi kabinetinə məlumat yerləşdirilib, telefonla sms göndərilib, telegram vurulub. Elçin Sadıqovun bütün iclaslarda iştirakı təmin olunub, bunu təsdiqləyən kifayət qədər əsaslar var, ehtiyac yaranacağı təqdirdə məhkəməyə təqdim ediləcək”.

Səttar Məmmədov iş üzrə digər sualları cavablandırmaqdan imtina edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun