Müstəqillik dövründən bəri Azərbaycanın seysmoloji xəritəsi hazırlanmayıb

Müstəqillik dövründən bəri Azərbaycanın seysmoloji xəritəsi hazırlanmayıb
4 İyul 2023
Mətni dəyiş

Qurban Yetirmişli: “Azərbaycanın müasir tələblərə cavab verən seysmoloji xəritəsi yoxdur".

Dünən vətəndaşların əksəriyyəti gecəni küçədə keçiriblər. İyulun 4-nə keçən gecə saat 00:01-də Xəzər dənizində 5,5 gücündə zəlzələ olub. 10 saniyə davam edən zəlzədən sonra vətəndaşlar küçəyə toplaşıb, yeni təkanın olacağından ehtiyat ediblər.

Bəs Azərbaycanda yeni təkanların olacağı gözlənilirmi?

AMEA-nın nəzdində Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Abzas Media-ya deyir ki, yaxın günlərdə xırda zəlzələlər olmalıdır, ancaq güclü, dağıdıcı zəlzələlər gözlənilmir:

“Kiçik təkanlar olur, olmalıdır. Afterşoklar, enerji boşalamaları gedir. 5,5 maqnitudada baş verən zəlzələnin təkrarlanması ehtimalı isə yoxdur” – o, bildirib.

Q. Yetirmişli bildirib ki, Azərbaycanın müasir tələblərə cavab verən seysmoloji xəritəsi yoxdur.

Onun sözlərinə görə, ölkədə bu xəritə ən son 1957-ci ildə tərtib olunub.

"Hazırda Fövqəladə Hallar Nazirliyi ilə birlikdə bu istiqamətində işlər aparılır. Tərəfimizdən yeni xəritə üçün təklif verildi və işlər aparılır”.

Onun sözlərinə görə, ölkə ərazisindəki binalar 8-9 ballıq zəlzələyə davamlılığa görə layihələndirilir. O bildirir ki, hazırda tikintilərin layihələndirilməsi zamanı seysmoloji rəylərin verilməsilə bağlı məsələ də gündəmdədir.

“O məsələ həllini tapmalıdır. Mən Nazirlər Kabinetilə danışıqlarda da hiss edirəm ki, bu istiqamətdə işlər gedir. Fövqəladə Hallar Nazirliyi də qəzalı binalarla bağlı yoxlanışlar aparır və sərəncam da var ki, birinci növbədə bu qəzalı binalar sökülsün. Bu məsələlər 1-2 günlük iş deyil. Problem təkcə seysmoloji xəritənin yenilənməməsi deyil. Zəlzələ olanda şəhərin hansı hissəsində daha çox hiss edilir, ilk yardımı hara göndərmək lazımdır bu məsələlər də işlənilməlidir".

İyulun 4-də baş verən zəlzələdən sonra Daxili İşlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyi məlumat yayaraq zəlzələ nəticəsində dağıntı və insan təlafatının olmadığını bildiriblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun