Korrupsiya ittihamı ilə həbs olunan sabiq icra başçısı vaxtından əvvəl azadlığa buraxılıb

Korrupsiya ittihamı ilə həbs olunan sabiq icra başçısı vaxtından əvvəl azadlığa buraxılıb
26 İyul 2023
Mətni dəyiş

Rəsmi məlumatlarda onun 1 milyon manatı mənimsədiyi bildirilir

Yevlax şəhərinin korrupsiya ittihamı ilə həbs edilən sabiq icra başçısı Qoca Səmədov həbs müddəti başa çatmadan azadlığa buraxılıb.

Bu barədə qərar iyulun 26-da Bakı Apellyasiya Məhkəməsində çıxarılıb.

Məhkəmə Q.Səmədovun xəstəliyi ilə əlaqədar olaraq cəzasının çəkilməmiş hissəsindən azad edib.

Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) 2019-cu ildə Yevlax Şəhər İcra Hakimiyyətində keçirdiyi əməliyyatda saxlanılıb. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə), 311.3-cü (rüşvət alma - külli miqdarda törədildikdə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunurdu.

İstintaq məlumatlarında qeyd olunurdu ki, sabiq icra başçısı 133 Yevlax sakininin adına açılmış əmək haqqı kartlarından 236.000 manat dövlət vəsaitini mənimsəyib. 2017-2019-cu illərdə dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına Yevlax şəhərində abadlıq adı ilə müxtəlif şirkətlərin hesablarına köçürülmüş 616.000 manat vəsaiti nağdlaşdıraraq mənimsəyib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 3 ay azadlıqdan məhrum edilib. Daha sonra, Şəki Apellyasiya Məhkəməsinin qərarına əsasən onun həbs müddəti  6 ilə endirilib.

2019-cu ildən etibarən Azərbaycanın güc strukturları bir sıra vəzifəli şəxslərə qarşı korrupsiya əməliyyatı keçirib. Əməliyyatlar çərçivəsində həbs olunan vəzifəli şəxslərin bir hissəsi isə cəza müddətlərini tam başa vurmadan azadlığa buraxılıblar.

Belə ki, 2020-ci ildə Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsində çalışmış polkovnik  Samiq Əzizov da rüşvət ittihamı ilə həbs edilib. Ancaq məhkəmənin hökmü ilə barəsində CM-nın 70-ci (Şərti məhkum etmə) maddəsi tətbiq olunaraq, şərti cəza alıb, məhkəmə zalından azadlığa buraxılıb.

Bu ilin iyununda Dövlət Gömrük Komitəsinin Enerji resursları və Dəniz nəqliyyatında Baş Gömrük İdarəsinin Tranzit şöbəsinin sabiq rəisi polkovnik Ceyhun Babayev də həbs müddətindən daha əvvəl azadlığa buraxılıb. O, rüşvət almaqda ittiham olunurdu, 2021-ci ildə 4 il azadlıqdan məhrum edilmişdi.

2015-ci ildə həbs olunan, 12 il azadlıqdan məhrum edilən ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi Akif Çovdarov rüşvət alma, mənimsəmə və digər cinayətlərdə təqsirli bilinirdi. O,  həbsindən 5 il sonra, 2020-ci ildə prezidentin sərəncamı ilə azadlığa buraxılıb.

Prezidentin 2023-cü ildə imzaladığı əfv sərəcanmı ilə isə keçmiş mədəniyyət nazirinin korrupsiya ittihamı ilə həbs edilən müavini Rafiq Bayramov və MTN işi üzrə həbs edilən  Azər Mehdiyev, Zaur Məmmədov azadlığa buraxılıb.

Rafiq Bayramov 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla həbs olunub. O, 1,8 milyon manat rüşvət almaqda ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 4 il 6 aya endirib.

2018-ci ildə "MTN işi" üzrə həbs edilən Zaur Məmmədov Ali Məhkəmənin qərarı ilə 10 il 6 ay azadlıqdan məhrum edilib.

2017-ci ildə Səbail rayon Məhkəməsinin hökmü ilə Azər Mehdiyev 8 il müddətinə azadlıqdan məhrum edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun