İsrail Bakıdakı səfirliyinə planlaşdırılan hücumla bağlı İranı ittiham edir

İsrail Bakıdakı səfirliyinə planlaşdırılan hücumla bağlı İranı ittiham edir Foto: sosial media
13 İyul 2023
Mətni dəyiş

İsrailin xarici işlər naziri: “İran terrorizmi qlobal təhlükədir”

İsrail Azərbaycandakı səfirliyinə qarşı planlaşdırılan terror cəhdi ilə bağlı İranın məsuliyyət daşıdığını bildirir.

Bu iddia ilə İsrailin xarici işlər naziri Eli Kohen Serbiya səfəri zamanı çıxış edib.

Bu barədə məlumatı “Times of İsrael” nəşri yayıb.

XİN başçısı bildirib ki, İranın maliyyələşdirdiyi bu terror şəbəkəsi Yunanıstan və Kipirdə də İsrailə yönəlik hücum cəhdləri edib.

“İran terrorizmi qlobal təhlükədir. İrana qarşı birlikdə mübarizə nəticə verəcək. Biz İranın regional sabitliyi pozmağa davam etməsinin qarşısını almalıyıq”.

İran İslam Respublikasından İsrailin ittihamları ilə bağlı hələ ki, heç bir cavab verilməyib.

İyulun 10-u Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayaraq bildirib ki, Azərbaycanda yerləşən xarici ölkə səfirliklərinin birinə hücum planlaşdıran Əfqanıstan vətəndaşı saxlanılıb.

O, DTX-nin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 28, 214.2.1 və 28, 214.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silah və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrorçuluq hərəkətlərinin törədilməsinə hazırlıq) maddələri ilə başlanılmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində saxlanılıb. Onun barəsində həbs qətimkan tədbiri seçilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun