İlham Əliyevlə Ərdoğanın "məhbus alveri"

İlham Əliyevlə Ərdoğanın "məhbus alveri" Foto: sabah.com.tr
24 İyul 2023
Mətni dəyiş

Türkiyədə çevrilişə cəhddən 7 il keçsə də, Azərbaycanda FETÖ ittihamı hələ də işləkdir

2016-cı ildə Türkiyədə hərbi çevrilişə cəhddən sonra təşkilatçı kimi təqdim edilən Fətullah Gülən və hərəkatı ilə əlaqəli olduğu bildirilirən minlərlə insan həbs olunub.

Çevrilişə cəhddən sonrakı müddətdə Azərbaycanda da siyasi fəallar, müəllimlər, iş adamları Gülən hərəkatı ilə əlaqələndirilərək həbs edilib. Onlardan Türkiyə vətəndaşı olanlar həmin ölkənin tələbilə ölkələrinə ekstradisiya ediliblər. Son olaraq  Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu saxlanılıb. Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Türkiyənin hüquq mühafizə orqanlarından daxil olan məlumat əsasında FETÖ ilə əlaqəli şəxslərə qarşı əməliyyat keçirilib.

"Tədbirlərlə saxlanılan 5 nəfərdən biri Q.İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib. Həmin ifadə əsasında Q.İbadoğlunun ofisində axtarış aparılıb, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanıb və Q.İbadoğlu saxlanılıb"- DİN-in açıqlamasında bildirilir.

Ancaq yerli və beynəlxalq hüquq müdafiəçiləri bu həbsləri Azərbaycan hökumətinin öz tənqidçilərinə təzyiqi kimi qiymətləndirib.

Hətta bəzən bu həbslər qarşılıqlı “alver” kimi dəyərləndirilib. Artıq illərdir ki, Türkiyə də Azərbaycanın tələbilə ölkələrində olan ictimai-siyasi fəalları Azərbaycana ekstradisiya edir. Jurnalist Rauf Mirqədirov, “Müsəlman Birliyi” Hərəkatının fəalı Anar Cabbarov, İran xüsusi xidmət orqanları ilə əlaqədə ittiham olunan Taleh Yusifov və digərləri Türkiyədə saxlanılaraq Azərbaycana ekstradisiya ediliblər.

2017-ci ildə AXCP sədrinin köməkçisi Faiq Əmirli, partiyanın Xətai rayon Şöbəsinin Gənclər Komitəsinin sədri Fuad Əhmədli və ictimai fəal Elgiz Qəhrəman da Fətullah Gülən hərəkatı ilə əlaqəli bilinərək həbs olunub. Hüquq mühafizə orqanları saxlanılanların evlərindən qadağan olunmuş ədəbiyyat və Fətullah Gülənlə əlaqələrini təsdiq edən materiallar tapdığını bildirib. Ancaq onlar ittihamları rədd ediblər.

Sonradan hər üç şəxslə bağlı ittihamlar dəyişdirilib. Faiq Əmirli işlədiyi "Azadlıq" qəzetilə bağlı maliyyə cinayətində ittiham olunub, Fuad Əhmədli işlədiyi “Azərfon” MMC-də vətəndaşların şəxsi məlumatlaını yaymaqda, Elgiz Qəhrəman isə narkotiklərin qanunsuz dövriyyəsində ittiham olunaraq həbs edilib.

Bundan əlavə, Türkiyə vətəndaşı Mustafa Ceyhan, iş adamı Uğur Demirok, müəllimlər Mehmet Gelen, İsa Özdemir, Taci Şentürk, Ayhan Seferoğlu, Erdoğan Taylan və digərləri də Azərbaycanda saxlanılaraq Türkiyəyə təhvil veriliblər. Bu şəxslər Türkiyəyə çatan kimi Fətullah Gülənlə əlaqədə ittiham olunaraq həbs ediliblər.

2022-ci ildə isə Avropa İnsan Hüquqları Məhkəməsi Taci Şentürk, İsa Özdemir, Ayhan Seferoğlu və Erdoğan Taylanın müraciəti üzrə qərarını elan edib. Məhkəmə Konvensiyanın 5-ci (azadlıq və şəxsi toxunulmazlıq hüququ) və 3-cü (qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın qadağan edilməsi) maddələri üzrə pozuntuları aşkar edib və Azərbaycanı cərimələyib.

FETÖ əməliyyatlarından 6 il keçsə də, Azərbaycanda hələ də bu iş üzrə həbs edilənlər var. Son olaraq iyulun 23-də Azərbaycan vətəndaşları D.Cəfərov, G.Əbdürəhmanov, R.Əliyev, A.Əliyev  saxlanılıb.

2016-cı il hərbi çevriliş cəhdindən sonra Fətullah Gülən hərəkatı Türkiyədə silahlı terror təşkilatı elan edilib. Bu təşkilatın bütün üzvləri, eləcə də ona hər hansı formada yardım göstərənlər terrorda ittiham olunaraq həbs ediliblər.

Beynəlxalq hüquq müdafiə təşkilatları bu həbslərin bir qismini siyasi sifariş hesab ediblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun