Ədliyyə Nazirliyi REAL-ın üzvlərini real saymayıb

Ədliyyə Nazirliyi REAL-ın üzvlərini real saymayıb Foto: Toplum Tv
17 İyul 2023
Mətni dəyiş

Nazirlik partiyanın müraciətini qeydə almayıb

Ədliyyə Nazirliyi Respublikaçı Alternativ Partiyasının (REAL) dövlət qeydiyyatına alınması ilə bağlı müraciətini geri çevirib.

Bu barədə məlumatı partiya sədri İlqar Məmmədov özünün Facebook hesabında yayıb.

Partiya sədri bildirib ki, Ədliyyə Nazirliyi REAL-ın müraciətdə təqdim etdiyi 5 min 100 nəfərlik üzvdən yalnız 463 nəfəri keçərli sayıb.

Nazirlikdən qeyd olunub ki, müraciətdə üzv kimi göstərilən 16 şəxs vəfat edib.

“Ədliyyə Nazirliyindən deyirlər ki, reyestrdə adlarını göstərdiyiniz üzvlərlə əlaqə saxladıq. 986 nəfər partiyaya üzv olmadığını bildirdi. Daha 1058 nəfərin telefon nömrəsi kimi ofisinizin nömrəsini göstərmisiniz, bunu isə məqbul saymırıq. 2527 nəfər barədə məlumatlar Əhalinin Dövlət Reyestrində tapılmadı. Nəhayət, 68 nəfərin adı təkrar gedib, 16 nəfər isə ölüb.  Beləliklə, Partiyamızın siyahısında cəmi 463 nəfərin adı “keçərli” oldu. Qanuna əsasən növbəti 30 gün ərzində ya 4500+ nəfərin məlumatlarını “düzəltməli”, ya da eyni qədər yeni üzv toplamalı, ya da partiyanı buraxmalıyıq. Bu həftə qərarımız haqda ictimaiyyətə məlumat verəcəyik” – deyə İlqar Məmmədov bildirib.

2023-cü il yanvarın 11-dən etibarən Azərbaycanda “Siyasi partiyalar haqqında” yeni qanun qüvvəyə minib. Qanunla partiyanın dövlət qeydiyyatına alınması üçün yeni tələblər müəyyənləşib. Belə ki, dövlət qeydiyyatı üçün partiyanın azı 5000 üzvü olmalıdır. Partiyalar müraciətlərində bu üzvlərlə bağlı da anket məlumatlarını Ədliyyə Nazirliyinə təqdim etməlidirlər. Qanunun tətbiqindən sonra əvvəlki illərdə qeydə alınmış 59 siyasi partiyadan 29-u fəaliyyətini dayandırıb.

Müxalif siyasi partiyalar və bir sıra beynəxalq təşkilatlar “Siyasi partiyalar haqqında” yeni qanunun demokratik olmadığını və ölkədəki rəqabət mühitinə mənfi təsir etdiyini bildiriblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun