Daşaltıda otel və istirahət mərkəzini prezidentin ailəsinə məxsus şirkət tikir

Daşaltıda otel və istirahət mərkəzini prezidentin ailəsinə məxsus şirkət tikir Foto: president.az
21 İyul 2023
Mətni dəyiş

İşləri “PMD Group” MMC həyata keçirir

Şuşanın Daşaltı kəndində yeni tikiləcək otel və istirahət mərkəzinin tikintisini ölkə başçısı İlham Əliyevin ailə üzvlərinə məxsus “PMD Group” MMC həyata keçirəcək.

Bunu prezidentin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimov 21 iyulda İlham Əliyevin Şuşa səfəri zamanı ona məlumat verərkən deyib.

A. Kərimov bildirib ki, Daşaltı kəndində özəl sektor üçün investisiya zonasında nəzərdə tutulan evlərin və turizm obyektlərinin tikintisini “PMD Group” MMC həyata keçirir.

Layihəyə görə, Daşaltıda 2,4 hektar ərazidə kənd üslubunda otel və istirahət mərkəzi tikiləcək. Otel kompleksi ikimərtəbəli 10 binadan ibarət olacaq. Ümumilikdə 48 nömrədən ibarət olacaq otel kompleksində restoran, əyləncə və idman-sağlamlıq mərkəzləri, uşaqlar üçün oyun meydançası, istirahət parkı yaradılacaq.

Prezidentə bildirilib ki, Daşaltıda ümumilikdə 65 hektara yaxın ərazidə tikinti işləri gedəcək ki, bura 220 ailənin köçürülməsi planlaşdırılır. Burada yaşayan əhalinin ümumi sayı 1100 nəfər olacaq. Ümumilikdə 228 ev inşa ediləcək.

Sizə təqdim etdiyimiz araşdırmalarda “PMD Group” MMC-nin həm də Ağdamda 6 yaşayış binası tikdiyini ortaya çıxarmışdıq. Bu şirkət "Paşa Holding"in struktur bölməsinə daxildir. "Paşa Holding" isə prezident İlham Əliyevin ailə üzvlərinə məxsusdur. 

Şuşa şəhərini 1992-ci ildə Ermənistan ordusu işğal edib. 2020-ci ildə İkinci Qarabağ Müharibəsi başlayıb və müharibənin son günlərində şəhəri Azərbaycan ordusu azad edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun