Azərbaycan nifrət nitqi və ayrıseçkilik hallarına görə tənqid olunub

Azərbaycan nifrət nitqi və ayrıseçkilik hallarına görə tənqid olunub Foto: sosial media
11 İyul 2023
Mətni dəyiş

Hesabat: “LGBTIQA+ əleyhinə bəyanatlar adi hala çevrilib”

Avropa Şurasının yaratdığı İrqçiliyə və Dözümsüzlüyə qarşı Avropa Komissiyası iyunun 21-də Azərbaycanla bağlı hesabat dərc edib.

Hesabatda Azərbaycanda nifrət nitqinin yayğın olması, nifrət nitqindən və nifrət cinayətlərindən əziyyət çəkənlərin səmərəli hüquqi müdafiə imkanlarının olmaması narahatlıqla vurğulanıb.

Bildirilib ki, Azərbaycanda ayrı-seçkiliyə qarşı hər hansı qanun hələ də mövcud deyil və zərərçəkənlər üçün səmərəli hüquqi müdafiə vasitələri yoxdur.

Qeyd olunub ki, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) institusional müstəqilliyi ilə bağlı narahatlıqlar da qalmaqdadır.

Ombudsman Aparatının imkanlarının və fəaliyyətinin genişləndirilməsilə bağlı təkliflər verilib.

“Hökumət LGBTIQA+ problemlərilə bağlı maarifləndirmə üçün heç bir təşəbbüs göstərmir. Ayrıseçkilik və dözümsüzlük məsələlərini kompleks şəkildə həll etmək üçün LGBTIQA+ strategiyası və ya fəaliyyət planı, cinsin qanuni şəkildə tanınması və dəyişdirilməsi ilə bağlı hüquqi baza yoxdur. LGBTIQA+ əleyhinə bəyanatlar adi hala çevrilib. LGBTIQA+ şəxslərə qarşı stereotiplərin və qərəzlərin yayılması onları ölümlə nəticələnən bəzi nifrət səbəbli zorakılığa məruz qoyub. Bu istiqamətlərdəki hüquqi baza Avropa Şurası standartlarına uyğunlaşdırılmalıdır”- hesabatda bildirilib.

Hesabatda qeyd olunub ki, nifrət cinayətləri sübutlar olduqda belə adi cinayətlər kimi qəbul edilib. Məsələn, Əvəz Hafizlinin işində cinayəti törədən şəxs qəsdən adam öldürmə maddəsi ilə cəza alıb, nifrət cinayəti ilə bağlı şikayəti isə məhkəmə rədd edib. Komissiya cinsi oriyentasiya, gender kimliyi və cinsi xüsusiyyətlərin səbəblərini cinayət qanunvericiliyinə istənilən adi cinayət üçün ağırlaşdırıcı hallar kimi daxil etmələrini hakimiyyət orqanlarına tövsiyə edib.

Bildirilib ki, komissiya bundan əvvəlki hesabatında hökumətə həm özəl həm də dövlət sektorunda irqçilik və ayrıseçkiliklə mübarizə məqsədilə ixtisaslaşmış orqan yaratmağı qətiyyətlə tövsiyə edib, ancaq bu istiqamətdə heç bir addım atılmayıb. Eyni zamanda, nifrət nitqi və dözümsüzlüklə bağlı baş vermiş cinayət halları ilə əlaqədar statistik məlumatların olmaması da təəssüflə qeyd olunub.

Bundan başqa, komissiya Azərbaycanda miqrant inteqrasiyası mövzusunu xüsusi əhatə edən ayrıca strategiyanın və ya planın hələ də mövcud olmadığını təəssüflə qeyd edib.

Hesabatda Ermənistan-Azərbaycan arasındakı Qarabağ münaqişəsi çərçivəsində ictimai müzakirələrdə həm dövlət rəsmiləri, həm də ictimaiyyət nümayəndələrinin alovlu nifrət nitqlərindən narahatlıq ifadə olunub.

İrqçiliyə və Dözümsüzlüyə qarşı Avropa Komissiyası Avropa Şurasına üzv dövlətlərdə irqçilik və dözümsüzlüklə bağlı vəziyyəti monitorinq edir, hökumətə aşkarlanmış problemlərin həll edilməsi istiqamətində təklif və məsləhətləri təqdim edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun