AXCP üzvü "dələduzluq"da ittiham olunaraq saxlanılıb

AXCP üzvü "dələduzluq"da ittiham olunaraq saxlanılıb Foto: sosial media
26 İyul 2023
Mətni dəyiş

Asif Yusifli: “Həbs birmənalı siyasi əsaslıdır, qondarmadır”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Təşkilat Şöbəsinin üzvü Elxan Əliyevin saxlanıldığı bildirilir.

Bu barədə Abzas Media-ya Elxan Əliyevin vəkili Nemət Kərimli məlumat verib. Vəkil bildirib ki, E. Əliyev Sabunçu Rayon Polis İdarəsində şübhəli şəxs qismində saxlanılıb.

“O, Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda törədildikdə) maddəsilə ittiham olunur. Məni də vəkil kimi idarəyə dəvət ediblər”- N. Kərimli bildirib.

AXCP Rəyasət Heyətinin üzvü Asif Yusifli deyir ki, Elxan Əliyevin həbsi siyasidir.

Onun sözlərinə görə, E.Əliyev “Siyasi Partiyalar haqqında” yeni qanundan sonra daha aktiv fəaliyyət göstərdiyi üçün hədəfə gəlib:

“Elxan Əliyev həm kəskin statusları ilə həm də partiya quruculuğunda çox aktiv fəaliyyəti ilə hakimiyyətin diqqətini cəlb edib. Xüsusən partiyalara yaradılan süni qeydiyyat problemi ilə bağlı imzaların, reyestr məlumatlarının toplanılmasında, Ədliyyə Nazirliyinin cavabının araşdırılıb saxta çıxarılmasında çox aktiv fəaliyyəti var. Bu da hakimiyyətin onu saxta ittihamla həbs etməsinə səbəb oldu. Həbs birmənalı siyasi əsaslıdır, qondarmadır” – deyə Asif Yusifli bildirib.

Elxan Əliyev bundan əvvəl də dəfələrlə inzibati qaydada həbs olunub. O, bu həbsləri özünün siyasi fəaliyyətilə əlaqələndirib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən məlumat almaq istəsək də, nazirliyin mətbuat xidməti zənglərimizə cavab verməyib.

Elxan Əliyev ittiham üzrə təqsirli bilinərsə, onu on ildən on dörd ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun