Qərb ölkələrinin səfirlikləri Qubad İbadoğlu ilə bağlı hökumətə çağırış edib

Qərb ölkələrinin səfirlikləri Qubad İbadoğlu ilə bağlı hökumətə çağırış edib Foto: sosial media
27 İyul 2023
Mətni dəyiş

“Azərbaycan hökumətini Qubad İbadoğlunun hüquqlarına hörmət etməyə çağırırıq”

ABŞ, Böyük Britaniya, Fransa və Almaniyanın Bakıdakı səfirlikləri 23 iyulda həbs olunan siyasətçi Qubad İbadoğlu ilə bağlı Azərbaycan hökumətinə çağırış ediblər.

Bu barədə bəyanatı  Böyük Britaniyanın Azərbaycandakı səfirliyi yayıb. Bəyanatda deyilir ki, onlar Qubad İbadoğlunun həbsini yaxından izləyirlər:

“Biz hörmətli, beynəlxalq səviyyəli alim Qubad İbadoğlunun həbsini yaxından izləyirik. Azərbaycan Konstitusiyasına və beynəlxalq öhdəliklərə uyğun olaraq Qubad İbadoğlu da daxil olmaqla Azərbaycan vətəndaşlarının təməl azadlıqlarının, insan hüquqlarının qorunması həyati önəm daşıyır. Azərbaycan hökumətini Qubad İbadoğlunun hüquqlarına hörmət etməyə, dərmanlarına çatımlılığını təmin etməyə və ədalətli hüquqi proses aparmağa çağırırıq”.

İyulun 24-də ABŞ Səfirliyi də buna bənzər mətnlə hökuməti Qubad İbadoğlunun hüquqlarına hörmət etməyə çağırmışdı.

İyulun 26-da Avropa İttifaqının beynəlxalq münasibətlər və təhlükəsizlik siyasəti üzrə nümayəndəsi Nabila Massrali “Twitter” hesabında yazıb ki, onlar Qubad İbadoğlunun həbsini yaxından izləyirlər: “Azərbaycan hökumətini onu dərmanla təmin etməyə, hüquqlarına hörmət etməyə və azad etməyə çağırırıq”.

Beynəlxalq insan haqları təşkilatı "Human Rights Watch" (HRW) təşkilatı da hökuməti Qubad İbadoğlunu azad etməyə çağırıb. Təşkilatın iyulun 25-də yaydığı bəyanatda qeyd olunub ki, "Bu saxta ittihamlar ölkədə müxalifəti, tənqidi səsləri susdurmağa xidmət edir”.

“İrəli sürülən ittihamlar inandırıcı deyil. Məhkəmənin heç bir əsas olmadan həbs qərarı verməsi Avropa İnsan Hüquqları Konvensiyasına ziddir. O, dərhal azadlığa buraxılmalıdır” - təşkilatın Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Giorgi Gogian bildirib.

Gogian qeyd edib ki, Qubad İbadoğlu həbsdə qaldığı müddətdə diqqətdə saxlanılmalıdır və dərmanlarla təmin edilməlidir.

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlunu iyulun 23-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin ("Bandotdel") əməkdaşları saxlayıb. Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Daha sonra ona məxsus mülklərdə axtarış aparılıb. 24 iyulda Nərimanov Rayon Məhkəməsi müxalif siyasətçi barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun