Şuşada ekoloji problemlərə etiraz edən QHT rəhbərləri Gədəbəylə bağlı niyə susur?

Şuşada ekoloji problemlərə etiraz edən QHT rəhbərləri Gədəbəylə bağlı niyə susur? Foto: OperativTV
23 İyun 2023
Mətni dəyiş

QHT sədri: “Gədəbəydəki aksiyada iştirak etməmişəm, o aksiyanı bilmirəm, belə bir çağırış olmayıb”


İyunun 20-dən Gədəbəyin Söyüdlü kənd sakinləri qızıl-mədən şirkətinin yaratdığı ekoloji problemlərlə bağlı etiraz edirlər. Problemi öyrənmək və vətəndaşlara dəstək olmaq üçün əraziyə ekoaktivistlər, vətəndaş cəmiyyəti nümayəndələri baş çəkib. Amma onların içərisində Şuşa-Xankəndi yolunda 138 gün ərzində Ermənistanın Qarabağda olan qızıl mədənlərini istismar etməsinə və ekoloji problemlərə səbəb olmasına etiraz edən QHT nümayəndələri gözə dəyməyib. 

Abzas Media Şuşada keçirilən aksiyalarda iştirak edən QHT nümayəndələrinə Gədəbəydəki ekoloji problemə niyə biganə yanaşdıqlarını soruşub. 

“Sağlam həyata doğru” Ekoloji İctimai Birliyinin sədri Sadiq Həsənov Abzas Media-ya deyir ki, o, Şuşadakı aksiyalarda iştirak edib, Gədəbəyə isə getməyib.

“Bir neçə gün Şuşada aksiyada olmuşam. Qarabağla Gədəbəyin müqayisəsi düzgün deyil. Orda tamam ciddi məsələ idi, etiraz etmək lazım idi ki, dayandırsınlar. Orda iştirak etmək borcumuz idi, etdik. Bu ayrı mövzudur. Bu məsələ onunla müqayisədə böyük deyil və həll olunandır. Qarabağda ayrı məsələ idi, böyük dövlətlər istəyirdilər ki, o yol fəaliyyət göstərsin. Əsgər də gətirə bilərdilər o yoldan, silah da, ağır texnika da.  Ancaq Gədəbəydəki məsələni sakinlərlə şirkət görüşüb həll edə bilərlər. İndi ölkədə yoxam, qayıdanda məsələ ilə bağlı Gədəbəyə getməyi düşünürəm”.

“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli də Şuşadakı aksiyaların iştirakçısı olsa da, Gədəbəyə getməyib:

“Gədəbəydəki aksiyada iştirak etməmişəm, o aksiyanı bilmirəm, belə bir çağırış olmayıb. Problemlə bağlı da ətraflı məlumatım yoxdur. Bilirsiniz necədir, Qarabağdakı başqa məsələ idi. Biz etiraz etdik, etirazlarımızın nəticələri də oldu. Mən bu məsələ ilə bağlı hələ araşdırma aparıram”.

O, digər sualları cavablamaqdan imtina edib. 

Şuşada göyərçini havaya uçurma videosu ilə gündəmə gələn Azərbaycan-İraq Mədəni Əlaqələr Cəmiyyətinin sədri Tahirə Məmmədova məsələ ilə bağlı suallarımızı cavablandırmaqdan imtina edib.

İyunun 20-də Gədəbəyin Söyüdlü kənd sakinləri ekoloji problemlərə etiraz ediblər. Onlar bildiriblər ki, ərazidə fəaliyyət göstərən “Azerbaijan International Mining Company” şirkəti kənddə zərərli, kimyəvi tullantıların atılacağı ikinci göl yaratmağa çalışır. Buna etiraz edən sakinlər polis zorakılğına məruz qalıblar. Onlara qarşı gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə olunub.

Etirazlarda 5 nəfər saxlanılaraq 20 sutka inzibati həbs cəzası alıb, bir nəfər 1500 manat cərimələnib.

Baş nazir Əli Əsədov göldə monitorinqlərin aparılması üçün komissiya yaradıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun