Paşinyan müharibə dövründə Putin və Əliyevlə danışıqlarının detallarını açıqlayıb

Paşinyan müharibə dövründə Putin və Əliyevlə danışıqlarının detallarını açıqlayıb Foto: sosial media
20 İyun 2023
Mətni dəyiş

“Putin İlham Əliyevin şərt irəli sürdüyünü, Füzulinin döyüşsüz təslim edilməsini istədiyini bildirdi”

Ermənistanın Baş naziri Nikol Paşinyan İkinci Qarabağ Müharibəsinin pərdəarxası məqamları barədə danışıb. O, Milli Assambleyanın 44 günlük müharibənin detallarının öyrənilməsi üzrə istintaq komissiyasında çıxış edərkən bildirib ki, döyüşün dayandırılması üçün ilk təkliflər 7 oktyabrda, Putinin ad günü ilə bağlı telefon danışığı zamanı olub.

Bu barədə məlumatı Azadlıq Radiosunun Ermənistan bürosu yayıb. 

Baş nazirin sözlərinə görə, noyabrın 9-da üçtərəfli bəyanatın imzalanmasında Şuşanın azad olunması həlledici rol oynayıb:

“Burada Şuşanın strateji əhəmiyyəti böyük idi. Xankəndi hücuma məruz qalacaqdı, 25 minə yaxın əsgər mühasirə təhlükəsi altına düşəcəkdi. 9 noyabr 2020-ci il bəyanatı müharibəni dayandırmaq üçün beşinci cəhd idi”.

Paşinyan deyib ki, telefon danışığı zamanı Putin atəşkəsə nail olmaq üçün vasitəçilik səyləri göstərmək istədiyini bildirib.

Onun sözlərinə görə,  həm o, həm də Putin ilkin şərt qoyulmadan atəşkəsin əldə olunması fikrində olublar:

“Tərəflər o vaxt tutduqları mövqelərdə qalmalı, sonra məsləhətləşmələr başlamalı idi. Mən dedim ki, bu variant bizim üçün məqbuldur. Ancaq Putin ikinci dəfə zəng edəndə bildirdi ki, İlham Əliyev razı deyil, şərtləri var. Onlar Füzulinin döyüşsüz təslim olmasını və erməni qüvvələrinin Araz boyu Xudafərin Su Anbarına qədər geri çəkilməsini, Su Anbarının Azərbaycanın nəzarəti altında qalmasını istəyirdilər. Bundan əlavə, Azərbaycan rəhbərliyi Qarabağda qətl və adam oğurluğuna görə cəza çəkən Şahbaz Quliyev və Dilqəm Əsgərov başda olmaqla, məhbusların geri qaytarılmasını da gözləyirdi. Bütün bunlara cavab olaraq atəşkəs deyil, ölənlərin dəfn mərasiminin təşkili üçün yalnız humanitar atəşkəs elan olunacaqdı”.

Paşinyan bildirib ki, müharibə dövründə orduya verdiyi bütün göstərişlər Şuşanın möhkəmləndirilməsinə və müdafiəsinin təşkilinə yönəlib. Ordudan da Şuşanın saxlanılması ilə bağlı təminat alıb:

“19 oktyabr təklifində müharibənin dayandırılması üçün şərtlər belə idi: bütün yeddi rayon Azərbaycanın nəzarətinə keçib, Dağlıq Qarabağın statusu qeyri-müəyyən olaraq qalır, Dağlıq Qarabağ Muxtar Vilayətinin əraziləri, həmin vaxt artıq itirilmiş olanlar Azərbaycanın nəzarəti altına keçir və Şuşanın Azərbaycana təslim olması, Meğriyə sülhməramlıların yeridilməsi və Azərbaycanı bizim nəzarətimizdə olmayan Naxçıvan Muxtar Respublikası ilə birləşdirən zolaq yaradılır. Vəziyyətin ağırlığını nə qədər başa düşsəm də, belə şərtlərlə razılaşa bilməzdim. İndi geriyə baxanda yenə razılaşa bilmirəm. Mənim üçün Şuşa və sülhməramlıların Meğridə yerləşdirilməsi qırmızı xətt idi. Ancaq bəlli idi ki, Azərbaycanın növbəti hədəfi Şuşa idi”.

Onun sözlərinə görə, Azərbaycan Şuşada nəzarəti ələ götürəndən sonra Laçın yolunu bağlayıb. Bununla da Azərbaycan Xankəndiyə hücum etmək imkanı əldə edib:

“Sonda belə bir təəssürat yarandı ki, bütün lazımi işlər görülüb, lakin həmin hazırlıq işlərindən az sonra bir qrup azərbaycanlının Zarışlı kəndi yaxınlığında bizim müdafiəni yarıb Laçın-Xankəndi yolunda dayanması xəbəri gəldi. Xəbəri mənə "Dağlıq Qarabağın prezidenti" deyib, lakin Silahlı Qüvvələrin Baş Qərargahı bu məlumatı təsdiqləməyib. Daha sonra azərbaycanlıların Xankəndi-Laçın yolu ilə hərəkət edən mülki avtomobili atəşə tutması xəbəri gəldi. Əslində o andan Şuşanın yavaş-yavaş süqutu başladı. Xəbərlər gəlməyə başladı ki, düşmənin birinci dəstəsi Şuşaya daxil olub, sonra ikinci, nəhayət, noyabrın 7-də günorta saatlarında Baş Qərargah rəisi Onik Qasparyan mənə Şuşanın süqutu barədə məlumat verdi.  Bütün əmrlərimdə, göstərişlərimdə Şuşanın saxlanılmalı olduğunu söyləmişdim və şəhərin saxlanacağına dair təminat alırdım”.

Azərbaycanın Qarabağ bölgəsini 1992-ci ildən Ermənistan ordusu işğal edib. 2020-ci ildə Azərbaycan 44 günlük müharibə nəticəsində torpaqlarının əsas hissəsini işğaldan azad edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun