"İranla münasibətlər gərginləşdikcə oğluma ölüm hökmü çıxarılacağından qorxuram"

"İranla münasibətlər gərginləşdikcə oğluma ölüm hökmü çıxarılacağından qorxuram" Foto: Sosial media
26 İyun 2023
Mətni dəyiş

İranda casusluq maddəsi ilə həbs olunan Fərid Səfərli istintaqın bitdiyini və hökmün elan ediləcəyini deyib 

Dilarə Əsgərova hər gün xəbərləri izləyir ki, bəlkə Azərbaycanla İran arasındakı münasibətlər düzələr və onun oğlu da bu münasibətlərin pisləşməsinin qurbanı olmaz.

Almaniyada yaşayan və İrana tələbə yoldaşını ziyarətə gedən zaman həbs olunan Fərid Səfərli ötən gün anası ilə telefon əlaqəsi saxlayıb.

Bu barədə onun anası Dilarə Əsgərova Abzas Media-ya məlumat verib. O bildirib ki, oğlu telefon danışığında istintaqın yekunlaşdığını və yaxın vaxtda hökmün elan ediləcəyini bildirib. 

"Mən soruşdum ki, qız əleyhinə ifadə veribmi? Dedi ki, "nəinki qız, heç kim əleyhimə ifadə verməyib. Ortada heç bir sübut da yoxdur". Yeganə soruşduqları sual budur ki, Avropada təhsil alırsan, niyə bu vaxt İrana gəlmisən? Niyə fars dilində bilirsən?"

Valideyn deyib ki, oğlu fars dilində danışa bilsə də, hüquqi terminləri bilmədiyinə görə vəkilə və tərcüməçiyə ehtiyacı var.

"Mən narahatam ki, Fəridin vəkili yoxdur. Birinci məhkəmədə ingilisdilli vəkil olub, ikinci, üçüncü məhkəmədə deyiblər ki, farsca danışa bilirsən, bu dildə ifadə verərsən. Amma Fərid deyir ki, mən farsca hüquqi terminləri bilmirəm. Məhkəmədə olan danışıqla məhkumlar arasında olan danışıq başqadır. Məhkəmədə əziyyət çəkdiyini dedi. Mən də tapşırdım ki, vəkilsiz, tərcüməçisiz ifadə verməsin". 

Valideyn bildirib ki, Azərbaycanın İrandakı konsulu dəfələrlə müstəntiqlə, məhkəmə işçiləri ilə görüşməyə çalışıb, amma hələ ki, bu cəhdləri alınmayıb. 

"Mən mətbuatdan oxumuşam ki, İranda casusluq maddəsinə ölüm cəzası verilir. Hətta isveçli bir alimə bir neçə il bundan qabaq casusluq maddəsi ilə ölüm hökmü çıxarılıb. Azərbaycanla İran arasında münasibətlər gərginləşdikcə mən bu cəzanın veriləcəyindən daha çox qorxuram". 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Abzas Media-ya  bildirib ki, İran hökumətindən bu həbslə bağlı heç bir açıqlama ala bilməyiblər. 

"Biz Xarici İşlər Nazirliyi olaraq, həm də Baş konsul vasitəsilə bu istiqamətdə iş aparırıq. Fərid Səfərli ilə bağlı mərkəzlə daim təmasdayıq və İran tərəfi ilə bu istiqamətdə iş aparılır. İndiki məqamda İran tərəfindən bu həbslə bağlı hər hansısa açıqlama yoxdur"- A. Hacızadə bildirib. 

Almaniyada təhsil alan F.Səfərlinin bu il fevralın 20-də eyni universitetdə oxuduğu qızın yaşadığı Tehrana getdiyi deyilir.

Martın 4-dən onunla əlaqə kəsilib və o, Almaniyaya qayıtmayıb. Daha sonra İranda ona qarşı casusluq ittihamı ilə cinayət işi açılıb.

O, ittihamı qəbul etməyib. 

Hazırda İranla Azərbaycan münasibətlərində müəyyən gərginliklər var.

Bu il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Səfirliyin mühafizə xidmətinin bir əməkdaşı həlak olub, ikisi yaralanıb. Bundan sonra səfirliyin əməkdaşları Azərbaycana təxliyə olunub. İran tərəfi hadisənin araşdırıldığını bəyan edib.

Münasibətlərin pisləşməsi fonunda Azərbaycanda inanclı şəxslərin kütləvi həbsi başlayıb. Hökumət bu həbsləri İranla münasibətlərin pisləşməsi ilə əlaqələndirmir, onların qanun pozuntusuna görə həbs olunduğunu deyir. 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun