İlham Əliyev korrupsiyada ittiham olunan keçmiş məmurları əfv edib

İlham Əliyev korrupsiyada ittiham olunan keçmiş məmurları əfv edib Foto: azerforum.com
8 May 2023
Mətni dəyiş

Hüquq müdafiəçisi: “Sərəncam ümidləri doğrultmadı”

Prezident İlham Əliyev bu gün imzaladığı əfv sərəncamı ilə 801 nəfər azadlığa buraxıb. Onlardan 463 şəxs azadlıqdan məhrumetmə cəzasından, 220 şəxs cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib.

Sərəncamla korrupsiya ittihamı ilə həbs edilən bir sıra şəxslər, siyasi məhbus kimi tanınmış jurnalist Eçin Məmməd, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev həbs müddətinin sona çatmasından əvvəl azadlığa buraxılıb.

Eyni zamanda, keçmiş mədəniyyət nazirinin korrupsiya ittihamı ilə həbs edilən müavini Rafiq Bayramov və MTN işi üzrə həbs edilən  Azər Mehdiyev, Zaur Məmmədov azadlığa buraxılıb.

Rafiq Bayramov 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla həbs olunub. O, 1,8 milyon manat rüşvət almaqda ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 4 il 6 aya endirib.

2018-ci ildə "MTN işi" üzrə həbs edilən Zaur Məmmədov Ali Məhkəmənin qərarı ilə 10 il 6 ay azadlıqdan məhrum edilib.

2017-ci ildə Səbail rayon Məhkəməsinin hökmü ilə Azər Mehdiyev 8 il müddətinə azadlıqdan məhrum edilib.

Gəncə məhbusları Samir İbrahimov, Həbib Qurbanov da əfv siyahısına düşüb.

“Müdafi Xətti” hüquq müdafiə təşkilatının həmtəsisçisi, hüquq müdafiəçisi Rüfət Səfərov Abzas Media-ya deyib ki, bu sərəncam ümidləri doğrultmayıb:

“Nəzərə alsaq ki, Heydər Əliyevin yüzilliyi bu hökumət üçün hansı dəyəri daşıyır, düşünürdük ki, heç olmasa bu günlərdə Azərbaycan cəza evlərində siyasi məhbusların sayı azalar. Belə olmadı. 1993-cü ildən bu günə qədər elə dövr olmayıb ki, siyasi məhbus və vicdan məhbusu olmasın. Belə görürəm ki, hazırki hakimiyyət olduqca, həmişə də belə olacaq”.

Əfv sərəncamı mərhum prezident Heydər Əliyevin yüzillik yubleyilə bağlı imzalanıb. 

Prezident bundan əvvəl 2022-ci ilin mayında Cümhuriyyət günü ilə bağlı əfv imzalayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun