Əlizamin Salayev 80 günlük aclıqdan sonra huşunu itirib

Əlizamin Salayev 80 günlük aclıqdan sonra huşunu itirib
27 Aprel 2023
Mətni dəyiş

Vəkil: “O, 126 kilodan 79 kiloya düşüb”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Zamin (Əlizamin) Salayevin saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında huşunu itirdiyi bildirilir.

Bu barədə məlumatı Abzas Media-ya AXCP üzvünün vəkili Nemət Kərimli verib.

Kərimli bildirib ki, Salayev şiddətli ağrılardan əziyyət çəkir:

“4-5 gün əvvəl huşunu itirib, anlaqlı olmayıb və halsız vəziyyətə düşüb. Həkimlər müdaxilə etdiblər, dəstək xarakterli sistem köçürülüb. Özünə gəlib, amma şiddətli ağrıları davam edir. Aclıqdan əvvəl 126 kilo idi, indi 79 kiloya düşüb. Təcridxanada təknəfərlik kamerada, həkim nəzarətində saxlanılır. Sanitar hissəyə köçürülməsilə bağlı müraciət etmişik, ancaq hələ ki, təmin olunmayıb".

Vəkil bildirib ki, hüquq müdafiəçisi Çingiz Qənizadə həbsxanda Z. Salayevlə görüşüb. O, görüşün detallarını açıqlaya bilməyəcəyini deyib.

Z. Salayev həbsinə etiraz olaraq 80 gündür aclıq aksiyası keçirir. O, aksiyanı davam etdirməkdə israrlı olduğunu deyib.

 "Deyir ki, şərlənərək həbs olunub və azadlığa çıxana qədər aclığa davam edəcək”- vəkil bildirib.

 Ədliyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova məsələni araşdıracağını bildirib. Daha sonra ondan cavab almaq mümkün olmayıb.

Zamin (Əlizamin) Salayev bu ilin fevralında saxlanılıb. Daxili İşlər Nazirliyi yaydığı məlumatda qeyd edib ki, Salayev “Lökbatan dairəsi” adlanan yerdə bir nəfəri bıçaqlyıb. Salayev isə ittihamları rədd edib, özünün hücuma məruz qaldığını bildirib.

 Z. Salayevə qarşı Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsilə cinayət işi açılıb. Fevralın 8-də Qaradağ Rayon Məhkəməsi Salayev haqqında üç aylıq həbs qətimkan tədbiri seçib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun