Ombudsman Aparatının əməkdaşları Ülvi Həsənli ilə növbəti dəfə görüşüblər

Ombudsman Aparatının əməkdaşları Ülvi Həsənli ilə növbəti dəfə görüşüblər
14 Dekabr 2023
Mətni dəyiş

"Məsələ Ombudsman tərəfindən nəzarətdə saxlanılır"

Ombudsman Aparatının əməkdaşları "Abzas Media"nın direktoru Ülvi Həsənli ilə növbəti dəfə görüşüblər.

Aparatın məlumatında qeyd olunur ki, Baş Prokurorluğa və Penitensiar Xidmətə sorğular ünvanlanıb:

"Ülvi Həsənli Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən istintaq təcridxanasında qəbul edilib, müraciəti yerində araşdırılıb, aidiyyəti üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu və Penitensiar Xidmətə müvafiq sorğular ünvanlanıb. Həsənli dekabrın 13-də növbəti dəfə qəbul olunub və dinlənilib. Bu başçəkmələr preventiv tədbir olaraq saxlanılan şəxslərlə pis rəftar hallarının qarşısının alınmasında mühüm vasitədir", - deyə məlumatda qeyd olunur.

Dekabrın 11-də 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan "Abzas Media"nın direktoru Ülvi Həsənlinin yaxınları onun təcridxanada  təhdidlərə məruz qaldığını bildiriblər.

"Ülvi dedi ki, təcridxanada təhdidlərə məruz qalıb. Ombudsmana şikayət etdiyi üçün təcridxananın rəisi və rəis müavini onun saxlanıldığı kameraya gəlib təhdid ediblər ki, Ombudsman da öz adamımızdır, bir də şikayət etsən, burda vəziyyətin pisləşəcək, səni "homoseksuallar" saxlanılan kameraya salacağıq", - deyə Ülvi Həsənlinin bacısı Nərmin Həsənova bildirib.

Dekabrın 7-də “Abzas Media”nın direktoru Ülvi Həsənlinin vəkili ilə telefon danışığına icazə verilməyib. Bu barədə onun vəkili Zibeydə Sadıqova məlumat verib. Vəkil bildirib ki, Ülvi Həsənliyə göndərilən kitabları da qəbul etməyiblər.

Ülvi Həsənli bu gün Ombudsman nümayəndələri ilə görüş zamanı şikayətlərini onlara bildirib. Nümayəndələr isə bu barədə məlumatlı olduqlarını deyiblər.

Noyabrın 21-də “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 23-də isə direktor müavini Məhəmməd Kekalov barəsində “qrup halında qaçaqmalçılıq” ittihamı ilə 4 ay həbs qətimkan tədbiri seçilib.

Noyabrın 30-da jurnalist Nərgiz Absalamova dindirilmə üçün çağırıldığı Bakı Şəhər Baş Polis İdarəsində saxlanılıb və ona qarşı da "Abzas Media" rəhbərliyi ilə eyni maddə (qrup halında qaçaqmalçılıq) üzrə ittihamı irəli sürülüb.

1 dekabr tarixində Xətai Rayon Məhkəməsinin qərarı ilə jurnalist Nərgiz Absalamova barəsində ilkin istintaq dövrü üçün 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Dekabrın 13-də bu iş üzrə şahid qismində dindirilmiş Hafiz Babalı da saxlanılıb. O da qaçaqmalçılıq ittihamı üzrə təqsirləndirilib.

Jurnalistlər ittihamları rədd edirlər və həbslərinin jurnalistika fəaliyyətləri ilə bağlı olduğunu bildirirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun