Ölkədə il ərzində qeydə alınan cinayətlərin 30 faizə yaxını narkotiklə bağlıdır

Ölkədə il ərzində qeydə alınan cinayətlərin 30 faizə yaxını narkotiklə bağlıdır
12 Dekabr 2023
Mətni dəyiş

Ekspert: “İranın qonşusu olduğuna görə narkotik daşınması üçün Azərbaycandan tranzit ərazi kimi istifadə olunur”

 

Hüquq-mühafizə orqanlarının rəsmi kriminal xronikasında tez-tez narkotik qaçaqmalçılığı ilə əlaqədar həbs edilənlərlə bağlı məlumat yer alır. Bu cinayətə görə həbs edilənlər çox olsa da, ölkəyə narkotik gətirilməsi hallarının ardı-arası kəsilmir.

Sabiq gömrük generalı Məsum Rəsulov 2021-ci ildə yerli mediaya müsahibəsində bildirib ki, narkotik vasitələr daha çox Əfqanıstandan İrana, oradan da Azərbaycana daşınır.

Bəs bu marşrutun qarşısını almaq üçün səylər yetərlidirmi?

Vəkil Elçin Sadıqovun sözlərinə görə, əvvəllər narkotik ticarətinin dövriyyəsi ilə bağlı qeyri hökumət təşkilatlarının araşdırma aparmaq imkanları vardı. Ancaq indi belə araşdırmalara rast gəlinmir:

“Sonuncu araşdırma o idi ki, Azərbaycanda 40-dan çox narkotik tranziti xətti mövcuddur. Burada həbs edilmiş şəxslərin həmin cinayətləri yenidən etmək statistikası yüksək deyil. Əsas məsələ praktikanın qarşısını almaqdır. Problemin köklü həlli İran amilinə görə biraz çətinləşsə də, himayə olunan trafiklər əsas narahatlıq doğuran məsələdir”, - deyə Sadıqov bildirir.

Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Emil Maqalov deyir ki, İranla sərhəddə yerləşdiyinə görə, bu ölkədən dünyanın müxtəlif istiqamətlərinə narkotik daşınması üçün Azərbaycan tranzit kimi istifadə olunur.

“Videolar da var, əvvəl marşrut bizim işğalda olan, İranla sərhəddə yerləşən ərazilərdən keçirdi. Hətta orada əkin-biçin də var idi. Ancaq indi ən asan tranzit yol, İran-Ermənistan-Gürcüstandır. İndi orada istifadə və satış Azərbaycandan çoxdur. Biz 80 faiz onlardan daha yaxşı mübarizə apara bilirik.

Bu cinayətdə iştirak edənləri həvəsləndirən puldur. Digər tərəfdən, zəvvarlar İrana gedəndə orada bu işi görən şəxslər tərəfindən qarşılanırlar, onlara xoş münasibət göstərilir. Bəzilərinin iradəsinə təsir edib, onları bu işlərə cəlb edirlər. Müalicə və digər məqsədlər üçün İrana gedənlər arasında da təsir altına düşənlər olur. Bununla mübarizə mümkünsüzdür. Mümkün olsaydı, Avropanın özü bu dəqiqə bundan əziyyət çəkməzdi”, - deyə o qeyd edir.

Maqalovun sözlərinə görə, Azərbaycanda yeniyetmələr arasında bu istiqamətdə təbliğat zəifdir:

“Təlim keçənlər şəkil çəkdirmək və protokol üçün edirlər.Yəni belə təlimlər sadəcə formal xarakter daşıyır. Amma mən məktəblərdə və digər təhsil ocaqlarında təlim keçəndə deyirəm ki, əsasən nadinc, belə şeylərə meyli olan uşaqlar təlimə cəlb edilsin, onlarla maarifləndirmə işi aparaq”.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məlumatına görə, 2022-ci ildə ölkədə qeydə alınmış 36494 cinayət hadisəsinin 10665-i və ya 29,2 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub. Bu göstərici 2021-ci ilin göstəricisindən 24,4 faiz çoxdur.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun