“Kanal 13”ün daha iki əməkdaşı qaçaqmalçılıqda ittiham edilir

“Kanal 13”ün daha iki əməkdaşı qaçaqmalçılıqda ittiham edilir Foto: Sosial media
27 Dekabr 2023
Mətni dəyiş

Son bir ayda ən azı doqquz jurnalist həbs edilib

Azərbaycanda jurnalist həbsləri davam edir. Bu dəfə “Kanal 13” internet televiziyasının əməkdaşının həbs edildiyi bildirilir. Bu barədə məlumat “Kanal13”ün internet səhifəsində dərc olunub.

“Kanalla əməkdaşlıq etmiş Şamo Eminov dekabrın 22-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2. (qaçaqmalçılıq, qabaqcadan əlbir olan qrup tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Barəsində 3 ay 5 günlük həbs qətimkan tədbiri seçilib.

Saxlanılan zaman vəkillə təmin edilməyib və ailəsinə məlumat verməsi üçün şərait yaradılmayıb. O, 4 gün sonra 1 Saylı Bakı İstintaq Təcridxanasından ailəsilə əlaqə saxlaya nilib”, – deyə məlumatda bildirilib.

Kanalın açıqlamasında qeyd olunub ki, bu iş üzrə Şamo Eminovdan başqa da cinayət məsuliyyətinə cəlb olunanlar var. Ehtimal olunur ki, kanalla əməkdaşlıq edən digər jurnalistlər də həbs ediləcəklər:

“Şərlənərək inzibati qaydada həbs edilən daha bir əməkdaşımız Rüfət Muradlıya qarşı da cinayət işi açılıb. ”Kanal 13”ə qarşı baş verənlər amansız, heç bir hüquqa və məntiqə sığmayan hücumun tərkib hissəsdir. Kanalla əməkdaşlıq edən digər jurnalistlər də həbsə atılacaq. Yaxın günlərdə Əziz Orucova qarşı ifadə vermək üçün digər əməkdaşlarımızın da eyni şər-böhtanla həbs ediləcəyi ilə bağlı xəbərlər almışıq”, – açıqlamada deyilir.

Noyabrın 28-də “Kanal 13”ün rəhbəri Əziz Orucov həbs edilib. O, əvvəlcə “qanunsuz ev tikməkdə” ittiham olunsa da, sonradan ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Dekabrın 2-də kanalın aparıcısı Rüfət Muradlı inzibati qaydada 30 sutka həbs cəzası alıb.

Jurnalistlərə qarşı təqiblər noyabrın 20-də “Abzas Media” rəhbərliyinin həbsilə başlayıb. Həmin vaxtdan bura “Abzas Media”nın beş, “Kanal 13”ün üç əməkdaşı və bir müstəqil jurnalist həbs edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun