Hafiz Babalı evində aparılan axtarışla bağlı şikayət verəcək

Hafiz Babalı evində aparılan axtarışla bağlı şikayət verəcək Foto: Amerikanın Səsi
27 Dekabr 2023
Mətni dəyiş

Onun evindən “Abzas Media” ilə bağlı olmayan xeyli sənəd götürülüb

“Abzas Media” işi üzrə həbs edilən araşdırmaçı jurnalist Hafiz Babalı həbsini və evində aparılan axtarışı qanunsuz hesab edir. Abzas Media-nın məlumatına görə, jurnalist bu iş üzrə bank hesablarına qoyulmuş həbslə bağlı keçirilən məhkəmə prosesində də ittihamların əsassız olduğunu bildirib:

“Mən Azərbaycanda yüksək vəzifəli şəxslərə yaxın biznesləri araşdırdığım üçün həbs edilmişəm. Həbsim araşdırmaçı jurnalist fəaliyyətimə görədir. Evimdə axtarış aparılanda “Abzas Media” ilə əlaqəsi olmayan, 90-cı illərdən yığıb topladığım sənədləri, bildirişləri də götürüb aparıblar. Bu qanunsuzdur”, – jurnalist bildirib.

H.Babalının vəkili Rəsul Cəfərov “Amerikanın Səsi”nə deyib ki, müvəkkilinin evində aparılan axtarışla bağlı şikayət verəcəklər.

“Hafiz Babalı ona qarşı irəli sürülən ittihamı qəbul etmir. O, əvvəlki mövqeyində qalır və həbsinin səbəbini jurnalist fəaliyyəti ilə əlaqələndirir. İstintaq davam etsə də, Hafiz Babalı ilə bağlı hələ istintaq hərəkətləri aparılmır. Yəqin ki, növbəti həftələrdə istintaq hərəkətləri aparılacaq. Hələ də axtarış qərarı Hafiz Babalıya və müdafiə tərəfinə təqdim edilməyib. Axtarış qərarının təqdim edilməsi ilə bağlı istintaq orqanına müraciət etmişik. Yəqin ki, axtarış qərarını alandan sonra mübahisələndirəcəyik”, - deyə o qeyd edib.

Noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də baş redaktor Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, son olaraq dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı saxlanılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Jurnalistlər ittihamları qəbul etmir, həbslərinin jurnalist fəaliyyətləri ilə əlaqədar olduğunu bildirirlər.

Noyabrın 29-da Xətai Rayon Məhkəməsi “Abzas Media”ya qarşı qaldırılan cinayət işi üzrə adı keçən şəxslərə və onların bir çoxunun ailə üzvlərinə məxsus bank hesablarına həbs qoyulması, vergi ödənişləri və hüquqi şəxslərdə pay sahibliyi barədə məlumatların Bakı Şəhər Baş Polis İdarəsinə təqdim olunması haqda qərar çıxarıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun