“Abzas Media” işi üzrə həbs edilənlərə Ombudsmana zəng qadağan olunub

“Abzas Media” işi üzrə həbs edilənlərə Ombudsmana zəng qadağan olunub
21 Dekabr 2023
Mətni dəyiş

Jurnalistlər təcridxanada saxlanma şəraitindən narazıdırlar

“Abzas Media” işi üzrə həbs edilmiş şəxslərə İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatına zəng etmək qadağan olunub. Bu barədə məlumatı dekabrın 20-də Bakı Apellyasiya Məhkəməsində iş üzrə keçirilən prosesdə həbs edilmiş şəxslər özləri veriblər.

“1 saylı Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılov təcridxanadan Ombudsman Aparatının qaynar xəttinə zəng etməyə qadağa qoyub. Bizim heç birimiz Ombudsman Aparatı ilə əlaqə saxlaya bilmirik. Hərçənd görüşlərdə özləri bildirirdilər ki, heç kim sizə belə qadağa qoya bilməz. İndi şikayətlərimiz eşidilməsin deyə təcridxanada belə qərar qəbul edilib”, - deyə “Abzas Media”nın baş redaktoru Sevinc Vaqifqızı (Abbasova) bildirib.

Bundan əvvəl saytın direktoru Ülvi Həsənli də Ombudsmana şikayətlərinə görə təcridxana rəhbərliyi tərəfindən hədələndiyini deyib:

“Ülvi məhkəmə zalında bildirdi ki, təcridxananın rəisi Elnur İsmayılov və müavini Azər saxlanıldığı kameraya gəlib, onu təhdid ediblər ki, Ombudsman da öz adamımızdır, bir də şikayətlərini Ombudsmana desən, təcridxanada vəziyyətin çətinləşəcək, homoseksuallarla eyni otaqda saxlayacağıq səni”, - Ülvi Həsənlinin bacısı Nərmin Həsənova qeyd edib.

Ülvi Həsənlinin təzyiqlərə məruz qalması məlumatından sonra, dekabrın 13-də Ombudsman Aparatının əməkdaşları yenidən ona baş çəkib, şikayətlərini dinləyiblər.

Aparatdan Sevinc Vaqifqızının məhkəmədə dediklərilə bağlı bildirilib ki, müraciət icraata götürülüb, araşdırılacaq.

Noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də baş redaktor Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, son olaraq dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı saxlanılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Jurnalistlər ittihamları qəbul etmir, həbslərinin jurnalist fəaliyyətləri ilə əlaqədar olduğunu bildirirlər.

Noyabrın 29-da Xətai Rayon Məhkəməsində “Abzas Media”ya qarşı qaldırılan cinayət işi üzrə adı keçən şəxslərə və onların bir çoxunun ailə üzvlərinə məxsus bank hesablarına həbs qoyulması, vergi ödənişləri və hüquqi şəxslərdə pay sahibliyi barədə məlumatların Bakı Şəhər Baş Polis İdarəsinə təqdim olunması haqda qərar çıxarılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun