Norveç Helsinki Komitəsi “Abzas Media”nın jurnalistlərini dərhal azad etməyə çağırıb

Norveç Helsinki Komitəsi “Abzas Media”nın jurnalistlərini dərhal azad etməyə çağırıb Foto: Amerikanın Səsi
22 Noyabr 2023
Mətni dəyiş

Norveç Helsinki Komitəsi Azərbaycan hökumətini müstəqil mediaya qarşı davam edən repressiyaları dayandırmağa və son günlər saxlanılan “Abzas Media”nın jurnalistlərini dərhal azad etməyə çağırıb.

“AbzasMedia”nın jurnalistləri Ülvi Həsənli və Sevinc Vaqifqızı barəsində saxta qaçaqmalçılıq ittihamı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

“Abzas Media” komandasının üçüncü üzvü Məhəmməd Kekalov noyabrın 20-də saxlanıldıqdan sonra itkin düşüb. Onun harada olduğu bilinmir və hakimiyyət ona qarşı heç bir ittiham irəli sürməyib”, – təşkilatın bəyanatında deyilir.

Norveç Helsinki Komitəsinin bəyanatında qeyd edilib ki, “Abzas Media” tənqidi reportajları, korrupsiya araşdırmaları və Azərbaycanda ictimai maraq doğuran mövzuları işıqlandırması ilə tanınır.

Noyabrın 20-də “Abzas Media” onlayn nəşrinin direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı həbs ediliblər. Onlara qarşı AR CM-nin 206.3.2-ci maddəsilə (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan qrupla törədildikdə) ittiham irəli sürülüb.

Noyabrın 21-də Xətai rayon məhkəməsi Sevinc Vaqifqızı barəsində 3 ay 29 gün, Ülvi Həsənli barəsində 4 ay həbs qətimkan tədbiri seçib.

Onların hər ikisi ittihamları rədd edir və həbslərinin peşəkar fəaliyyətləri, Abzas Media-da dərc olunan korrupsiya araşdırmaları ilə bağlı olduğunu bildirirlər.

Noyabrın 20-də evindən mülki şəxslər tərəfindən zorakılıqla aparılan "Abzas Media"nın direktor müavini Məhəmməd Kekalova qarşı cinayət işi açılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat katibi Elşad Hacıyev vəkil Rövşanə Rəhimliyə məlumat verib. Amma Hacıyev onun hansı cinayət işi üzrə, hansı maddələrlə məsuliyyətə cəlb olunduğunu açıqlamayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun