“Abzas Media jurnalistlərinin araşdırmalarını qaldıqları yerdən davam etdirəcəyik”

“Abzas Media jurnalistlərinin araşdırmalarını qaldıqları yerdən davam etdirəcəyik” Foto: Global Voices
24 Noyabr 2023
Mətni dəyiş

“Forbidden Stories” və tərəfdaşları Azərbaycanda həbs olunan jurnalistlərlə işləməyə davam edəcək

 

“Forbidden Stories” və tərəfdaşları “Abzas Media” əməkdaşlarının özbaşına və əsassız həbsini pisləyib.

“Onlara qarşı irəli sürülən ittihamlar Azərbaycan hakimiyyətinin ölkədə qalan son müstəqil səsi boğmağa yönəlmiş növbəti hiyləsidir. Jurnalistlərin vəkilləri Avropa İnsan Haqları Məhkəməsinə 39-cu maddə ilə bağlı şikayət verərək, onlara məxsus bir neçə sərt disk, telefon və kompüterin müsadirə olunmasını iddia ediblər”, – yayılan bəyanatda deyilib.

Xatırladaq ki, 2023-cü il noyabrın 20 və 21-də jurnalistlər Ülvi Həsənli, Sevinc Vaqifqızı və Məhəmməd Kekalov Azərbaycan hakimiyyəti tərəfindən həbs edilib.

“Forbidden Stories” və tərəfdaşlarının bəyanatında qeyd olunur ki, son aylar “Abzas Media” jurnalistləri hakimiyyətin ən yüksək eşelonlarında korrupsiya faktlarını ifşa edir, prezident Əliyevə yaxın şəxslərə, o cümlədən prezidentin mühafizə xidmətinin rəhbəri Bəylər Eyyubova və hazırkı xarici işlər naziri Ceyhun Bayramova yönəlmiş ifşaedici araşdırmalar dərc edirlər.

Qətlə yetirilən, saxlanılan və təhdid edilən jurnalistləri araşdıran beynəlxalq araşdırmaçı jurnalistlər şəbəkəsi “Forbidden Stories” onu da bildirir ki, həbs olunmazdan əvvəl Ülvi, Sevinc və Məhəmmədlə əlaqə saxlayıblar. Onlar tərəfdaşları ilə birlikdə “Abzas Media” jurnalistlərinin araşdırmalarını qaldıqları yerdən davam etdirəcəklər.

“Onların araşdırmalarının ümumi maraq və məlumat əldə etmək üçün davam etməsi, kütləvi şəkildə dərc edilməsi vacibdir. Onlar çaparları dayandırdılar, lakin xəbərin yayılmasına mane ola bilməzlər”, - “Forbidden Stories” jurnalının direktoru jurnalist Loran Rişar deyib.

“Ülvi Həsənli, Sevinc Vaqifqızı və Məhəmməd Kekalovun həbsini qətiyyətlə pisləyirik. Azərbaycan hakimiyyəti bir şeyi başa düşməlidir: onlar jurnalistləri həbs etməklə araşdırmaları dayandıra bilməzlər. Əksinə, bütün dünyada jurnalistlər həqiqət zəfər çalana qədər və hər bir qanunsuzluq ifşa olunana qədər öz işlərinə davam edəcəklər”, – “Pulitzer” mükafatı laureatları və “Paper Trail Media”nın həmtəsisçiləri və direktorları Bastian Obermayer və Frederik Obermayer bildiriblər.

“Azərbaycanın güclü məhkəmə və polis aparatından növbəti dəfə korrupsiya və cinayəti ifşa edən jurnalistləri susdurmaq üçün istifadə olunur. Biz jurnalistlərin həqiqət axtarışında onlara dəstək verəcəyik və Azərbaycanda hakimiyyətin ən yüksək eşelonlarında baş verən qanunsuzluqları bir daha ifşa etmək üçün qüvvələrimizi birləşdirəcəyik”, - OCCRP (Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi) baş redaktoru Miranda Patruçiç deyib.

“2003-cü ildən hakimiyyətdə olan Azərbaycan prezidenti İlham Əliyev istənilən plüralizmi məhv etməyə çalışır, 2014-cü ildən isə ölkədə qalan tənqidi fikirlərə qarşı amansız müharibə aparır. Müstəqil medianın əksəriyyəti sıxışdırılıb və ya ölkədən çıxarılıb”, - Sərhədsiz Reportyorlar təşkilatının bəyanatında deyilir.

Bu təşkilatın 2023-cü ildə yayımladığı “Dünya Mətbuat Azadlığı İndeksi”ndə Azərbaycan 180 ölkə arasında 151-ci yerdədir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun