Vəkillər Kollegiyası rüşvət iddialarına cavab vermədiyi üçün məhkəməyə verilib

Vəkillər Kollegiyası rüşvət iddialarına cavab vermədiyi üçün məhkəməyə verilib Foto: report.az
23 Oktyabr 2023
Mətni dəyiş

Hüquq müdafiəçisi: “Məhkəməyə göndərdiyimiz şikayətdə tələb etmişik ki, müraciətimizə cavab verilsin”

İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi Vəkillər Kollegiyasını məhkəməyə verib. Abzas Media-ya bu barədə mərkəzin sədri Fikrət Cəfərli məlumat verib.

O bildirib ki, şikayət informasiya sorğularının cavablandırılmaması ilə bağlıdır:

“Son günlər Vəkillər Kollegiyasında rüşvət və korrupsiya hallarının olması ilə bağlı məlumatlar yayılır. Sırf bu rüşvət və korrupsiya halları ilə bağlı sual ünvanladıq, cavablandırılmadı.

Mətbuatda məlumat yayılmışdı ki, vəkillik imtahanının müsahibə mərhələsindən uğurla keçən şəxs rüşvət vermədiyi üçün kollegiyaya qəbul edilməyib, əvəzində imtina cavabı almış şəxslər keçib. Biz buna görə müraciət etdik ki, İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi vəkilliyə qəbul imtahanlarında müşahidəçi qismində iştirak etsin, müraciətlərimizə cavab verilmədi. Hazırda məhkəməyə göndərdiyimiz şikayətdə tələb etmişik ki, müraciətlərimizə cavab verilsin”, – deyə o, bildirib.

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Qanunun 13-4.1 maddəsinə əsasən, müvəkkil informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətlə bağlı informasiya sahiblərindən pozuntunun aradan qaldırılmasını tələb edə bilir.

F.Cəfərli deyir ki, əvvəlki illərdə başqa müraciətlərlə bağlı nəticə olmadığından, bu dəfə Ombudsmana müraciət etməyiblər.

Vəkillər Kollegiyasından Abzas Media-ya bildirib ki, iddialar əsassızdır: "Qeyd edilən iddia tam əsassızdır, Vəkillər Kollegiyasının işi tam şəffafdır. Aidiyyəti qurumlara və vəkillərə qanunamüvafiq hesabatlar vaxtı-vaxtında verilir",- Kollegiyadan bildirilib.

İnzibati Xətalar Məcəlləsinin 374-cü maddəsi “İnformasiya əldə etmək haqqında” Qanunun pozulmasına görə məsuliyyət müəyyən edir. Qanunun 374.1-ci maddəsində qeyd olunur ki, informasiya sahibinin açıq informasiyanı əldə etmək hüququnun məhdudlaşdırması və ya sorğuçuya bilərəkdən yanlış informasiya verməsi hallarında vəzifəli şəxslər 500 manatdan 700 manatadək, hüquqi şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə cərimə edilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun