Söyüdlü hadisələrindən aylar keçsə də, kəndin girişindəki polis postu yığışdırılmır

Söyüdlü hadisələrindən aylar keçsə də, kəndin girişindəki polis postu yığışdırılmır Foto: Amerikanın Səsi
26 Oktyabr 2023
Mətni dəyiş

Kənd sakini: “Sianid olan göldə heç bir komissiya fəaliyyət göstərmir”

Gədəbəyin Söyüdlü kəndində ekoloji vəziyyətlə bağlı etirazlardan 4 aydan çox vaxt keçsə də, kəndin girişindəki polis postu hələ də yığışdırılmır.

Bu barədə təhlükəsizlik səbəbindən kimliyinin açıqlanmasını istəməyən kənd sakini məlumat verib. Abzas Media-nın kənddən hazırladığı son reportajdan sonra jurnalistlərlə danışan kənd sakinləri polisə çağırılıb hədələnmişdi.

Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev kəndin girişinə polis postu qurulanda mətbuata açıqlama vermişdi ki, "Söyüdlüdə monitorinq aparan komissiyanın işi yekunlaşdıqdan sonra polis postu yığışdırılacaq".

Sentyabrın 26-da Böyük Britaniyanın “Micon” International Co Limited şirkəti 2 ay müddətində Söyüdlüdə keçirdiyi monitorinqlərin nəticələrinə dair hesabat hazırlayıb. Bildirilib ki, Söyüdlü kəndində yerləşən qızıl zavodunun ərazisindəki 3 quyu suyunda sianid aşkarlanıb və qeyd olunan göstəricilər potensial risk kimi nəzərə alına bilər.

Yekun hesabatdan sonra da kənddə polis postu yığışdırılmayıb.

Söyüdlü sakini deyir ki, post kəndin girişində olsa da, polis nəzarəti kəndin hər tərəfində hiss olunur:

“İndi kənd camaatı arasında söhbət gəzir ki, post həmişəlik qalacaq. Kəndin də hər yerində polis olur. Niyə, nə məsələdir, bilmirik. Kəndə gəlib-gedəni saxlayıb, sorğulayırlar. Sianid olan göldə heç bir komissiya fəaliyyət göstərmir, biz o tərəfə çox gedə bilmirik deyə, şirkətin işləyib-işləmədiyini bilmirik. Amma hansısa komissiyanın fəaliyyəti yoxdur”, – deyə o, bildirib.

Ölkənin başqa regionunda qeydiyyatda olan, bu günlərdə Söyüdlü kəndinə işləmək üçün gedən, təhlükəsizlik səbəbindən kimliyinin açıqlanmasını istəməyən şəxs deyir ki, onları da kəndin girişində polis saxlayıb:

“Bizim maşını saxladılar, amma maşının və üst-başımızın köhnə olmasından bildilər ki, kəndə iş üçün gəlmişik, bunlar üçün problemsiz adamlarıq. Başqa yerdə qeydiyyatda olan, maşını və əyin-başı təzə görünən şəxsləri ciddi sorğulayırdılar, sənədlərini alıb baxırdılar”, – deyə o, bildirib.

Daxili İşlər Nazirliyi və Nazirlər Kabinetindən zənglərimizə cavab verən olmayıb.

İyunun 20-də Gədəbəyin Söyüdlü kənd sakinləri ekoloji problemlərə etiraz ediblər. Onlar bildiriblər ki, ərazidə fəaliyyət göstərən “Azərbaycan Beynəlxalq Mədən Şirkəti” kənddə zərərli kimyəvi tullantıların atılacağı ikinci göl yaratmaq istəyir. Buna etiraz edən sakinlər polis zorakılğına məruz qalıblar. Onlara qarşı gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə olunub.

Rəsmi şəxslər aksiyadan sonra 5 nəfərin inzibati həbs cəzası aldığını bildirsə də, Bakıda Söyüdlü sakinlərinə dəstək üçün təşkil olunan İşçi Qrupu 11 nəfərin həbs olunduğunu açıqlayıb. Onlardan 8-i inzibati qaydada həbs olunub, 3 nəfərə narkotik ittihamı ilə cinayət işi açılıb. İnzibati həbs olunanların qərarlarında qeyd olunub ki, onlar İnzibati Xətalar Məcəlləsinin 513-cü maddəsilə (toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) ittiham olunublar.

İyunun 21-də Baş nazir Əli Əsədovun sərəncamı ilə Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi üçün Komissiya yaradılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun