Əsir düşən hərbçinin anası: "Həbs olunan erməniləri görəndə düşünürük ki, hökumət onlarla bizim uşaqları dəyişməz"

Əsir düşən hərbçinin anası: "Həbs olunan erməniləri görəndə düşünürük ki, hökumət onlarla bizim uşaqları dəyişməz"
5 Oktyabr 2023
Mətni dəyiş

Ermənistanın əsir götürdüyü və ağır cinayətlərdə ittiham etdiyi iki azərbaycanlı hərbçinin doğmaları altı aydır onların aqibəti ilə bağlı hökumətdən cavab ala bilmirlər

"Son həbs olunan erməniləri görəndə bir yandan sevinirik, bir yandan da düşünürük ki, onlar ağır cinayət törətdikləri üçün hökumət onlarla bizim uşaqları dəyişməz. Çox qorxuram ki, deyərlər, bunlar ağır cinayətkarlardır, dəyişə bilmərik. Həyəcan keçiririk ki, necə olacaq, kimlə dəyişəcəklər?”.

Bu sözləri apreldə Ermənistan silahlı qüvvələrinə əsir düşən hərbçi Hüseyn Axundovun anası Şəlalə Axundova deyir. Onun sözlərinə görə, artıq nə səbri qalıb, nə də sağlamlığı, oğlunun vəziyyəti də yaxşı deyil.

“Sentyabrın 12-də danışdıq. Qırmızı Xaç Komitəsindən gəlmişdilər, elə onların telefonu ilə danışdıq. Əsir düşəndən sonra bir dəfə görüntülü danışa bilmişik, ondan sonra ancaq Qırmızı Xaç Komitəsi videosunu çəkib gətirir, biz də gedib onların kompüterində baxırıq.

Deyir yaxşıyam, amma yaxşı deyil. Arıqlamışdı, saç-saqqal basmışdı. Onu tez dəyişsəydilər, rahatlayardıq. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə tez-tez əlaqə saxlayırıq, deyirlər ki, səbrli olun, cənab prezident onları orada qoymaz”, – deyə hərbiçinin anası bildirir.

Ş.Axundova deyir ki, oğlu əsir düşəndən sonra onu gözləyə-gözləyə sağlamlığını da itirib, tez-tez həkimə getməli olur:

“Cənab prezident səsimizi eşitsin, mümkün qədər tez dəyişsinlər uşaqlarımızı. 6 aydır oradadırlar. İndi nə səbrim qalıb, nə canımda sağlamlıq. İki gündən bir xəstlənib, ölüb-dirilirəm".

Apreldə əsir düşən digər hərbçi Aqşin Bəbirovun anası Dürdanə Bəbirova da deyir ki, oğlunun vəziyyəti yaxşı deyil. Onun sözlərinə görə, görüntülü danışığa da icazə verilmir:

“Sonuncu dəfə avqustun 11-də telefonla danışdıq. Deyir ki, yaxşıyam. Qırmızı Xaç Komitəsi videosunu çəkib gətirmişdi. Gözləri qızarmışdı, dedilər allergiyası var. 19 yaşını orada tamam etmişdi, indi saçı tökülüb, elə bil, 35 yaşındadır”, – deyə o, bildirib.

D.Bəbirova gileylənir ki, hökumət də onlara dəqiq bir söz demir. Onun bildirdiyinə görə, sonuncu dəfə oğlu ilə bağlı oktyabrın 4-də Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə danışıb:

“Dedilər ki, heç bir məlumat yoxdur. Dedim, axı biz valideyinik. Sağlamlığımızı itirmişik. 6 aydır dəqiq bir şey demirlər. Dünən zəng etdim, dedilər, bu dəqiqə o məsələnin üzərində işləyirik, yaxşılığa doğru gedir. Gözümüz xəbərlərdə qalır ki, prezidentin harda görüşü olacaq, Aqşin qaytarılırmı? 

O, əsir düşəndən sonra həyatımız sönüb. Biz canlı meyidik. İgid balamı əsgər göndərmişdim, düşmənin xarabasına göndərməmişdim ki, türmədə çürüyə. Bu müddət ərzində vəziyyətimizlə maraqlanan olmayıb. Balamı istəyirəm. Gecəm-gündüzüm yoxdur. 3 resept əlimdə qalıb, həkimə də gedə bilmirəm. Uşağımı istəyirəm, uşağımı gətirsinlər”, – deyə Dürdanə Bəbirova bildirib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verilmədi.

Azərbaycan ordusunun hərbçiləri Hüseyn Axundov və Aqşin Bəbirov bu ilin aprelində Ermənistan ərazisində saxlanılıblar. Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, hər iki hərbçi Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən yollarını azaraq Ermənistan ərazisinə keçib.

Ermənistan tərəfi isə onları cinayət törətməkdə ittiham edərək həbs edib. Azərbaycanlı hərbçilər “bir qrup şəxslə əvvəlcədən əlbir olaraq Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, qanunsuz odlu silah və döyüş sursatı daşımaqda” ittiham olunublar. Aqşin Bəbirov 11 il 6 ay azadlıqdan məhrum edilib. Sonradan Hüseyn Axundov barəsində daha bir cinayət işi başlanılıb. O, Zəngəzur mis-molibden kombinatının gözətçisini qətlə yetirməkdə təqsirləndirilib. Axundov 20 il azadlıqdan məhrum edilib.

Mayın 22-də Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan iki Azərbaycan əsgərinin ekstradisiyasını müzakirə etməyə hazırdır: “Lakin bu proses birtərəfli ola bilməz. Bütün bunlar hüquqi prosedurlar vasitəsilə həyata keçirilməlidir”, - deyə o əlavə edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun