Oqtay Gülalıyevin xanımı: "Oqtay eşidir, baxır, amma başqa heç nə yoxdur"

Oqtay Gülalıyevin xanımı: "Oqtay eşidir, baxır, amma başqa heç nə yoxdur" Foto: sosial media
30 Oktyabr 2023
Mətni dəyiş

Hüquq müdafiəçisinin avtomobillə vurulmasından 4 il keçir

“Adam var ki, neçənci mərtəbədən düşür, onu komadan çıxardırlar. Ancaq Oqtay bəy öz ayağı ilə getdi həkimə, orada onu komaya saldılar”.

Bu sözləri 2019-cu ildə piyada zolağından keçərkən avtomobilin vurması nəticəsində xəsarət alan, xəstəxanaya yerləşdirildikdən sonra isə komaya düşən və artıq 4 ildir yataq xəstəsi olan Oqtay Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva deyir.

F.Gülalıyeva deyir ki, həyat yoldaşının səhhətində nəzərəçarpacaq irəliləyişlər yoxdur. Onun sözlərinə görə, Oqtay Gülalıyev hələ də yataq xəstəsidir:

“Eyni vəziyyətdədir, irəliləmə çox aşağıdır. Eşidir, baxır amma başqa heç nə yoxdur. Ancaq yataq rejimindədir. Yemək-içməyini də biz veririk. Hər gün tibb işçiləri gəlirlər, saat 9-dan 6-ya kimi onların nəzarətində olur”.

Firuzə Gülalıyeva deyir ki, məhkəmə həyat yoldaşının işinə ədalətli baxmayıb. Onun sözlərinə görə, bu məsələdə əsas məsuliyyət həkimlərin üzərində olub:

“Azərbaycanda məhkəmə sistemi yoxdur. Həkimlərdən şikayətçi idik. Həkimlərdən biri deyirdi ki, gələndə başında bir milli qan olub. Əməliyyat edən həkim isə deyir ki, mən əməliyyat edəndə 80 milli qan var idi. Niyə 1 milli olanda yox, 80 milli olanda əməliyyat etdilər? Hakimdən soruşurdum ki, qan sızmasının qarşısını niyə vaxtında almayıblar?”.

Onun sözlərinə görə, baş verənlər göstərir ki, Oqtay Gülalıyevin başına gələnlər bəsit səhlənkarlıq nəticəsi deyil:

“Düzdü, Azərbaycan səhiyyəsində səhlənkarlıqlar çox olur, amma Oqtay bəy sıradan bir adam deyildi ki, ona qarşı səhlənkarlıq olsun. Bütün Azərbaycan deyir ki, bu Oqtay bəyin fəaliyyətinə görə olub. O, özü də yazırdı ki, “Tərtər hadisələri”ni ictimailəşdirdiyinə görə, günahı olanları məsuliyyətə cəlb etmək əvəzinə, onu hədələyirlər”.

Firuzə Gülalıyeva deyir ki, hüquq müdafiçəsinin müalicəsi üçün müəyyən tədbirlərə ehtiyac var və bununla bağlı Səhiyyə Nazirliyinə müraciət ediblər:

“Heydər Əliyev Fondu dəstək oldu, Türkiyəyə apardılar, yaxşı xəstəxanada müalicəsi getdi. Amma artıq gec idi. Əməliyyat da olundu, effekti olmadı. İndi də sadəcə tibb işçiləri gəlir, saat 9-dan 6-ya kimi Oqtay bəyə baxıb gedirlər. İndi biz istəyirik ki, psixoloq gəlsin, onunla məşğul olsun, bir müddət reabilitasiya mərkəzlərində müalicə olunsun. Bununla bağlı Səhiyyə Nazirliyinə də yazılı müraciət etmişik”, – deyə o, bildirib.

Oqtay Gülalıyev hüquq müdafiçəsi kimi işgəncələr, qanunsuz və siyasi motivli həbslərlə bağlı hesabatlar hazırlayıb. Onu 2019-cu ilin oktyabrında avtomobil vurub. Hadisəni törədən Kənan Abdullayev CM-in 263.1-1 (yol hərəkəti qaydalarının pozulması, zərərçəkmişə ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə təqsirli bilinərək 2 il 3 ay azadlıqdan məhrum edilib.

Oqtay Gülalıyev "Baku City Hospital"da beyin əməliyyatından sonra komaya düşüb. Elə həmin günlərdə Heydər Əliyev Fondu komada olan hüquq müdafiəçisinin müalicəsini öz üzərinə götürüb. O, Türkiyəyə aparılıb, təkrar əməliyyat olunub. 2020-ci ilin noyabrında Bakıya qaytarıldıqdan sonra müalicəsi ev şəraitində davam edir.

Bu müddətdə ailə həkim səhlənkarlığından şikayətçi olsa da, yerli məhkəmələr həkimlərlə bağlı iddiaları qəbul etməyiblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun