Laçında bir kəndin bərpasına 46 milyon manat xərclənəcək

Laçında bir kəndin bərpasına 46 milyon manat xərclənəcək Foto: sosial media
6 Oktyabr 2023
Mətni dəyiş

İqtisadçı: “Cocuq Mərcanlı kəndi daha böyük əhali üçün idi, ancaq daha ucuz başa gəlmişdi”

Laçının Zabux kəndinin bərpası üçün ilkin mərhələdə 46.3 milyon manat xərclənəcək. Bu barədə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu məlumat yayıb.

Abzas Media-ya danışan iqtisadçı Toğrul Vəliyev deyib ki, təqdim olunan rəqəmlər nisbətən şişirdilmiş görünür.

“Zabux kəndində tikililər, infrastruktur var idi, işçilər də orada dövlət sifarişi ilə davamlı işləyirlər. Bunları nəzərə alanda rəqəmlər çox yüksək görünür. O vaxt Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi daha böyük əhali üçün idi, ancaq daha ucuz başa gəlmişdi. Bu cəhətdən, fikrimcə, çox səmərəsiz görünür”, – deyə iqtisadçı bildirib.

Maliyyə naziri Samir Şərifov mayın 3-də Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 56-cı İllik Toplantısının rəsmi açılış mərasimində bildirib ki, son 3 ildə Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərinə 6.6 milyarddan artıq vəsait ayırıb.

Zəngilan rayonunun 2-ci Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsinin texniki-iqtisadi əsaslandırmasını edən iqtisadçı Elçin Rəşid deyir ki, növbəti kəndlərin inşasında onun əsaslandırmasından lazımi dərslər çıxarılmayıb.

İqtisadçının sözlərinə görə, 2-ci Ağalı kəndində ciddi problemlər vardı və buradan çıxarılan dərslər növbəti kəndlərdə yenə nəzərə alınmadığına görə, yeni kəndlərin də inşasında israfçılıq olacaq:

“Qeyd olunan qiymətlərə ümumi infrastruktur daxil deyil, onları da daxil edəndə qiymətlər daha da baha olur. Ancaq burada problem qiymətlər deyil. Məsələ odur ki, kənd necə qurulmalıdır? Sonradan həyata dayanıqlılıq üçün iqtisadi əsaslar nədən ibarət olmalıdır?  Əvvəlki “Ağıllı kənd” ağıllı deyildi, çünki ən yaxın yaşayış məntəqələrindən çox uzaqda yerləşirdi. Orada yaşayan əhali yaxınlıqda iş yeri tapmayacaq. Məsələn, bir nəfər dülgərdir. Yaxın kəndlərdə tələb olmalıdır ki, gedib işləsin. Tək bir kəndlə olmur axı. Əmək bazarı olmalıdır ki, bu adamlar evlərinə yaxın ərazidə işləyə bilsinlər”, – deyə o, bildirib.

İqtisadçı deyir ki, kəndin bərpası zamanı bir çox məsələ nəzərə alınmalıdır ki, texniki-iqtisadi əsaslandırma zamanı bununla bağlı təkliflər də verilib:

“Ən yaxşı halda mənzilli binalar olmalıdır. Onlar kommunal xərclərə qənaət edir, nəticədə yaşayış xərclərini azaldır. Bina evlərində kommunal xərclər digər evlərdən 5-10 dəfə aşağı ola bilir. Laçında qeyd olunan ev sayı isə çox azdır və bina evləri deyil. Yaxınlığında da digər yaşayış məntəqələrinin olmaması Ağalı kəndindəki səhvlərin burada təkrarlandığını göstərir. 

Bizim verdiyimiz yeni kənd modelində xırdabuynuzlu, iribuynuzlu heyvanlar üçün kənddən bir az kənar yerlərdə fermalar nəzərdə tutulur, kəndin içərisində qazon və digər infrastruktur qorunur, təmizlik olur. Velosiped yolları, fəvvarə, göl kənarı gəzinti və s. Bunların hamısı, insanların daha keyfiyyətli həyat yaşamasını mümkün edir. İnsanlar üçün ətrafı park olan bina evi daha əlverişli olur. Təəssüf ki, indi bu işi görənlər hələ də köhnə və geridə qalmış model təklif edirlər” – deyə o, bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun