İntihar etdiyi bildirilən əsgərin anası: “Oğlumu kürəyindən güllələyiblər”

İntihar etdiyi bildirilən əsgərin anası: “Oğlumu kürəyindən güllələyiblər”
25 Oktyabr 2023
Mətni dəyiş

İlkin Zöhrabovu özünü öldürmə həddinə çatdırmaqda ittiham olunan Mətləb Hacıyev məhkəmə zalından azadlığa buraxılıb

“Qeyd etdilər ki, guya şəraitə dözə bilməyib deyə intihar edib. Mənim oğlumun qayıtmasına 8 gün qalmışdı, niyə özünü vursun?!”

Bu sözləri 2021-ci ilin martında hərbi hissədə intihar etdiyi bildirilən Masallının Ərkivan kənd sakini İlkin Zöhrabovun anası Səriyyə Zöhrabova deyir.

Hadisədən sonra İlkin Zöhrabovun ölümü ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi açılıb, hərbçi yoldaşı gizir Mətləb Hacıyev həbs olunub. Ancaq oktyabrın 23-də Tərtər Hərbi Məhkəməsi bu hadisədə onun təqsiri olmadığı qənaətinə gəlib. Hacıyev bəraət alaraq məhkəmə zalından azadlığa buraxılıb.

Məlum olub ki, Mətləb Hacıyev 2021-ci ildə tabeliyindəki başqa əsgərləri də incitməkdə təqsirləndirilib. Həmin vaxt o, 2 il həbs cəzası alıb. Oktyabrda isə həbs müddəti bitib.

İlkin Zöhrabovun anası Səriyyə Zöhrabova deyir ki, oğlunun ölümü ilə bağlı ailəyə məlumat verilməyib, kənddə yayılan söhbətlərdən sonra məlumatları olub:

“Qardaşlarım eşidiblər ki, oğlum güllələnib deyə kənddə söhbət gəzir. Sonra hərbi hissəyə gediblər, orada deyilib ki, özünü güllələyib, çənəsinin altından vurub. Morqda bizi meyitə baxmağa qoymurdular, dava-dalaşla girdik, gördük ki, kürəyindən vurulub.

Daha sonra bunun öz dostu, münasibəti çox yaxşı olan bir giziri tutdular ki, o özünü öldürmə həddinə çatdırıb, amma sübut olmadığından məhkəmə ona bəraət verdi. Məhkəmədə dəfələrlə məzarın açılmasını istədik, açmadılar. Hökmdə qeyd etdilər ki, guya şəraitə dözə bilməyib deyə intihar edib. Mənim oğlumun qayıtmasına 8 gün qalmışdı, niyə özünü vursun?! Onu vurublar”.

Məhkəmə istintaqını Tərtər Hərbi Məhkəməsinin hakimi İlqar Quliyev aparıb.

“Mən sübutlar haqda deyəndə, hakim deyirdi ki, bu dediklərini mən də bilirəm. Amma heç nə edə bilmədi. Gör kimlər onun qərar verməsinə təsir ediblər. O, “Tərtər işi” üzrə də bir sıra qərarlar çıxarıb, sonradan Ali Məhkəmə onun bütün qərarlarını ləğv etdi”.

S.Zöhrabova deyir ki, oğlunu kəndə şəhid (red – hüquqi status) kimi gətiriblər, şəhidlərin yanında dəfn ediblər, ancaq sonradan hüquqi olaraq bu status ona verilməyib:

“Atası xəstə olduğu üçün oğlum uşaq yaşlarından işləyib, evə çörək gətirib. Kompüter proqramçılığını öyrənmişdi, işləyirdi. 18 yaşındaydı. Bir oğlum vardı, bir qızım. Nə əziyyətlərlə böyütmüşük onu. Kasıbçılıqla. Ona aylarla ət verə bilməyəndə, kartof yeyəndə mən pis olmayım deyə, hər dəfə deyirdi, ana nə dadlıdır. Belə uşaq idi. 10 yaşından işləyirdi. Bircə pənahımız ona idi”, – deyə qadın bildirib.

Ordudakı intiharlar bəzən onların yaxınlarında şübhə yaradır. Həyatını itirən hərbçlərin ailə üzvləri istintaq dövründə onlara ağılabatan sübutlar təqdim edilmədiyini deyirlər.  Məsələn, iyul ayında intihar etdiyi bildirilən kiçik çavuş Telman Eyyubovun anası Əfsanə Macanova da Abzas Media-ya deyib ki, oğlunun hərbi xidmətdə özünü güllələməsinə inana bilmir. Çünki bu iş üzrə düzgün araşdırma aparılmayıb:

“Deyirlər ki, uşağım silah otağından silah götürərək özünü vurub. Silah otağı niyə açıq olub? Silah otağının rəisi harada olub? Hər gün danışırdıq, uşağım heç bir problem yaşamırdı”, – deyə o, bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun