Hərbi prokuror intiharların sayını açıqlamasa da, cəhdlərin azaldığını deyir

Hərbi prokuror intiharların sayını açıqlamasa da, cəhdlərin azaldığını deyir Foto: trend.az
2 Oktyabr 2023
Mətni dəyiş

Hərbi ekspert: “Araşdırmalarımız 2003-cü ildən bu tərəfə intihar hallarının hər il artdığını göstərir”

Hərbi prokuror Xanlar Vəliyev bildirib ki, 2022-ci ilin 8 ayı ilə müqayisədə 2023-cü ilin eyni dövründə Azərbaycan ordusunda özünü öldürməyə cəhd hadisələri 66,7 faiz azalıb.

Vəliyev bu sözləri "Respublika" qəzetinə açıqlamasında deyib. O, orduda hərbi xidmət əleyhinə olan cinayətlərin də 31,9 faiz azaldığını bildirib.

Hərbi ekspert Cəsur Sümərənli isə Abzas Media-ya deyir ki, Azərbaycanda son illərdə silahlı qüvvələr, ümumilikdə müdafiə və təhlükəsizlik sektorunda intiharların sayı kəskin artıb. Onun sözlərinə görə, hərbi prokurorun açıqlaması aydın deyil və bu barədə  detallı şəkildə rəqəmlər açıqlanmır:

“Media və sosial şəbəkələrdə yayılan məlumatların monitorinqi nəticəsində deyə bilərəm ki, bu ilin birinci yarısında, ən azı 20-ə yaxın şəxs intihar edib. Bizdə intihara cəhdlə bağlı rəsmi statistika yoxdur. Çünki bu məlumatlar açıqlanmır.

Biz araşdırmalar aparırıq, təəssüflər olsun ki, əldə etdiyimiz statistika 2003-cü ildən bu tərəfə intihar hallarının hər il artdığını göstərir.

Keçən il təhlükəsizlik və müdafiə sektorunda 21 nəfər intihar etmişdi, bu il isə elə ilin birinci yarısında 20-ə yaxın intihar halı var. Müharibə dövründə araşdırmalar bir az çətin olur, amma ilin sonunda növbəti dəfə araşdırıb son rəqəmi də açıqlayacağıq”, – deyə o, bildirib.

Ordudakı intiharlar bəzən şübhə yaradır. Vəfat edən hərbçlərin ailə üzvləri istintaq dövründə onlara ağılabatan sübutlar təqdim etmədiklərini deyirlər.  Məsələn, iyul ayında intihar etdiyi bildirilən kiçik çavuş Telman Eyyubovun anası Əfsanə Macanova Abzas Media-ya deyirdi ki, oğlunun hərbi xidmətdə özünə atəş açmaqla intihar etməsinə inana bilmir. Çünki bu iş üzrə düzgün araşdırma aparılmayıb:

“Deyirlər ki, uşağım silah otağından silah götürərək özünü vurub. Silah otağı niyə açıq olub? Silah otağının rəisi harada olub? Hər gün danışırdıq, uşağım heç bir problem yaşamırdı” – deyə o, bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun