DİN-in müvəqqəti saxlanma yerlərindən narazılıqlar var

DİN-in müvəqqəti saxlanma yerlərindən narazılıqlar var Foto: report.az
25 Oktyabr 2023
Mətni dəyiş

Keçmiş məhbus: “Normal yemək vermirdilər, evdən yemək gətirirdilər, onun da 50 faizini götürürdülər”

“Gün ərzində çörəklə 1 qaynanmış yumurta verirdilər. Əsasən yeməyimiz evdən gəlirdi. Gələn ərzaqların da 50 faizi götürülürdü”.

2016-cı ildən 2023-cü ilə qədər dəfələrlə inzibati qaydada həbs olunan ictimai fəal Elvin Bəhmanoğlu Daxili İşlər Nazirliyinin saxlanma məntəqələrində şəraitin acınacaqlı olduğunu deyir. Onun sözlərinə görə, regionlardakı saxlanma məntəqələrində vəziyyət  Bakıdakından çox pisdir.

Ən son olduğu Masallı Rayon Polis Şöbəsinin Müvəqqəti Saxlanma Məntəqəsində üzləşdiyi problemlər haqda bunları danışır:

“Ailə ilə danışığa qətiyyən icazə verilmirdi. Yataq dəsti gələndə 1 dəfə verirdilər, onu da baxır kimə, hamıya verilmirdi.

4 nəfərlik kamerada bəzən daha çox adam saxlayırdılar”.

Son zamanlar Daxili İşlər Nazirliyinin tabeliyində olan müvəqqəti saxlanma yerlərindəki şəraitlə bağlı şikayətlər daha çox səslənməyə başlayıb. Ancaq narazılıqlar bundan əvvəl də olub. Ötən ilin dekabrında aksiyada saxlanılaraq inzibati qaydada həbs olunan Tofiq Yaqublu da saxlanma şəraitindən narazılıq edərək, aclıq aksiyasına başlamışdı.

“Gün ərzində 1 dəfə yemək verirdilər, yaxşı olmadığı üçün evdən yemək istəyirdik. Evdən gələn yeməklərin də hamısı bizə verilmirdi”.

Bu sözləri isə 2016-cı ildə inzibati qaydada həbs olunub, Lənkəran şəhərindəki müvəqqəti saxlanma yerində saxlanılan Nazim Həsənov deyir.

Həsənov Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvüdür, aksiyada iştirak etdiyi üçün həbs olunub. Onun sözlərinə görə, saxlanma yerinin inzibati binası yaxşı olsa da, saxlanma şəraiti ilə bağlı xeyli problemləri müşahidə edib:

 “İçəridə sıxlıq idi, 4 nəfərlik kamerada 6-7 nəfər saxlayırdılar. Onlar da döşəklərini yerə atıb, yerdə yatırdılar. Yataq dəstləri dəyişdirilmirdi. Gün ərzində 1 dəfə yemək verirdilər, yaxşı olmadığı üçün evdən yemək istəyirdik. Evdən gələn yeməklərin də hamısı bizə verilmirdi, üstündən görürürdülər. Mənə ailəmlə telefon danışığına icazə vermirdilər, amma digər saxlanılanlar deyirdilər ki, pul verib danışırlar”.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Abzas Media-nın bütün bu narazılıqlarla bağlı suallarını cavablandırmayıb.

Ombudsman Səbinə Əliyeva 2022-ci il üzrə parlamentdəki məruzəsində bildirib ki, polis orqanlarının müvəqqəti saxlanma yerlərinə keçirilən başçəkmələr zamanı nöqsanlar aşkar edilib:

“Müvəqqəti saxlanma yerlərdində prosesual pozuntular aşkar olunub.

Bəzi müəssisələrdə əl qandallarının “Polis orqanlarının müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin mühafizəsi və müşayiəti qaydalarına dair Təlimat”a zidd olaraq, müvəqqəti saxlama yerinin dolabında saxlanıldığı aşkar edilib. Bu hal saxlanılan şəxslərə münasibətdə xüsusi vasitələrin hər hansı qeydiyyat aparılmadan tətbiq edildiyini, habelə kobud rəftar hallarına yol verilməsini ehtimal etməyə əsas verir”,- deyə məruzədə bildirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun