AXCP üzvü Orxan Baxışlı həbs olunub

AXCP üzvü Orxan Baxışlı həbs olunub Foto: sosial media
17 Oktyabr 2023
Mətni dəyiş

Rəyasət heyətinin üzvü: “Hələ 3-4 gün əvvəldən Orxan xəbər vermişdi ki, hüquq-mühafizə orqanları onu axtarır”

Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Xətai rayon şöbəsinin üzvü Orxan Baxışlıya 20 sutka inzibati həbs cəzası verilib. O,  İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham olunaraq Xətai rayon Məhkəməsinin qərarı ilə həbs olunub.

Bu barədə məlumatı Abzas Media-ya AXCP-nin Rəyasət heyətinin üzvü Aqil Məhərrəmli verib.

O, bildirib ki, Orxan Baxışlı saxlanılma ehtimalı ilə bağlı əvvəlcədən partiyaya məlumat verib:

“Hələ 3-4 gün əvvəldən Orxan xəbər vermişdi ki, hüquq-mühafizə orqanları onu axtarır”,- A. Məhərrəmli deyib.

Partiya funksioneri deyir ki, son bir ayda partiyanın 4 üzvü inzibati həbs cəzası alıb. Həbslərlə yanaşı, inzibati qaydada cərimə olunanlar da var.

“Son 1 ayda AXCP Lənkəran rayon şöbəsinin üzvü Vüqar Əliyev 15 sutka, Qazax rayon şöbəsinin üzvü Fərid Əliyev 30 sutka həbs edilib. Fərid Əliyevlə birlikdə atası Fəzail Əliyev və AXCP Qazax rayon şöbəsinin sədri Tahir Çaylı da saxlanılmışdı. Tahir Çaylı sərbəst buraxılsa da, Fəzail Əliyev 200 manat məbləğində cərimə olunub. Bu həbslər AXCP-nin 15 sentyabrda baş tutan və kütləviliklə müşahidə olunan tədbirindən sonra baş verib.

Daha sonra isə partiya sədrinin ictimai əsaslarla mühafizəçisi Kənan Zeynalov (Basqal) 25 sutka həbs edilib. Əvvəllər əlilliyi var idi deyə onu həbs edə bilmirdilər. Sonra əlilliyini ləğv etdilər.

Bir neçə gün öncə AXCP Binəqədi rayon şöbəsinin üzvü Ramin Əhmədli də inzibati qaydada 30 sutka müddətinə həbs edilib”, – deyə o, bildirib.

Hazırda partiyanın 8 üzvünün siyasi əsaslarla uzunmüddətli həbsdə olduğunu deyən Aqil Məhərrəmlinin sözlərinə görə, hökumət bu həbslərlə insanların partiyaya qoşulmasının qarşısını almağı düşünür.

"Hökumətin həyata keçirdiyi bu həbslər yaxın gələcəkdə yaradılacaq siyasi mənzərənin indidən görünən ilk pazllarıdır. Siyasi fəaliyyəti tam ləğv etmək yolunun ilkin addımlarıdır”, – deyə AXCP Rəyasət heyətinin üzvü Aqil Məhərrəmli bildirib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən şərh almaq mümkün olmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun