AXCP sədrinin mühafizəçisi 25 sutka həbs olunub

AXCP sədrinin mühafizəçisi 25 sutka həbs olunub
6 Oktyabr 2023
Mətni dəyiş

Kənan Zeynalovun prezidentlə bağlı tənqidi rəyə görə həbs olunduğu bildirilir

Oktyabrın 5-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Kənan Zeynalov 25 gün müddətinə həbs olunub. Abzas Media-ya bu barədə hüquq müdafiəçisi Zəfər Əhmədov məlumat verib.

O, bildirib ki, Kənan Zeynalov İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq)  və 535.1-ci (polisin qanuni tələbinə qəsdən tabe olmamaq) maddələri ilə ittiham olunaraq Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 25 sutka həbs cəzası alıb.

“Facebook-da ölkə başçısı İlham Əliyevi tənqid edən rəy yazıb. Polislər onu saxlayaraq Suraxanı rayon 33-cü Polis Bölməsinə aparıblar. Biz bu həbsin siyasi əsaslarla olduğunu düşünürük”, – deyə hüquq müdafiəçisi bildirib.

AXCP sədrinin müavini Seymur Həzi hesab edir ki, bu həbs Zeynalovun sosial şəbəkə fəaliyyətilə, yazdığı status və rəylərlə bağlıdır:

“Onun həbs olunması həm də ona görə qanunsuzdur ki, Kənan bəy ikinci qrup əlildir. Eyni zamanda, Birinci Qarabağ Müharibəsinin qazisidir. Onun inzibati qaydada həbs olunması qanuna ziddir, buna baxmayaraq, məhkəmə onun haqqında belə bir hökm çıxarıb. Biz hesab edirik ki, bu, Azərbaycan hökumətinin partiyaya qarşı növbəti repressiv siyasətidir. Partiya Kənan bəyin hüquqlarının müdafiəsilə bağlı lazım olan bütün addımları atacaq”, – deyə partiya funksioneri bildirib.

İnzibati Xətalar Məcəlləsinin 30-cu maddəsinə əsasən bir sıra kateqoriyalardan olan şəxslərlə yanaşı 1 və 2-ci qrup əlillərə qarşı da inzibati həbs tətbiq edilə bilməz.

Kənan Zeynalov eyni zamanda AXCP sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisidir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun