Avropa Məhkəməsi Naxçıvanda döyülən sahibkarlarla bağlı qərarını elan edib

Avropa Məhkəməsi Naxçıvanda döyülən sahibkarlarla bağlı qərarını elan edib
12 Oktyabr 2023
Mətni dəyiş

Şikayətçi: “Məhkəmənin qərarı məni qətiyyən qane etmədi, mənim işimin səviyyəsinə görə çox düşük bir qərardır”

Oktyabrın 12-də Avropa İnsan Haqları Məhkəməsi (AİHM) sahibkarlar- Məmməd Qurbanov və Nadir Məmmədovun 11 ildir gözlədikləri qərarı elan edib.

8 dekabr 2012-ci ildə gömrük əməkdaşları malların idxalı ilə bağlı rəsmiləşdirmə üçün onlardan rüşvət istəmişdilər. Rüşvət verməkdən imtina edən sahibkarlar bu barədə mətbuata açıqlama vermişdilər.

Həmin gün bir hüquq müdafiəçisi və bir jurnalistlə birgə gömrük məntəqəsinə gedən sahibkarlar təxminən iyirmi gömrük işçisinin fiziki təzyiqlərinə məruz qalmışdı. Ardınca, polis əməkdaşları sahibkarları tutaraq Sədərək Rayon Polis İdarəsinə aparmış, orda dekabrın 11-dək işgəncələrə məruz qalmışdılar. İddialarına görə, polis əməkdaşları onları soyundurmuş, soyuq havada çöldə çılpaq saxlamışdılar.

Avropa Məhkəməsi qərarında göstərib ki, hər iki şəxsə münasibətdə Konvensiyanın 3-cü (işgəncəyə məruz qalmamaq, prosedural baxımdan) və 5-ci (azadlıq və toxunulmazlıq) maddələrinin pozuntusu olub.

Qərara əsasən, hökumət mənəvi zərərə görə sahibkarların hər birinə 10 min avro ödəməlidir. Həmçinin, ərizəçilərin hüquqi təmsilçisi Xalid Bağırova 2 min avro hüquqi xidmət əvəzi ödənilməlidir.

Bu iş üzrə zərərçəkənlərdən biri, hazırda Almaniyada mühacirətdə olan Məmməd Qurbanov Abzas Media-ya deyir ki, hadisənin üstündən illər keçsə də, yenidən xatırlamaq ağırdır.

 Hər iki şəxs hadisədən bir neçə il sonra ölkədən getməyə məcbur olublar:

“Biz kiçik bizneslə məşğul olurduq. Ölkəyə qatıq, süd, uşaq yoqurtları və sair digər ərzaq məhsulları gətirirdik. 2012-ci ildə idxal rəsmiləşdirilməsi zamanı Sədərək gömrük məntəqəsində bizdən rüşvət istədilər. Buna etiraz etdik, ora yenidən jurnalist və hüquq müdafiəçisi ilə getdik. Təxminən 20 gömrük işçisi üstümüzə düşüb bizə zorakılıq göstərdi. Elə həmin gün Sədərək Rayon Polis İdarəsinə aparıldıq və orada işgəncələrə məruz qaldıq. Bizi buz kimi havada saatlarla çılpaq saxladılar” – deyə o, bildirib.

Məmməd Qurbanov deyir ki, bu hadisədən sonra 2016-cı ildə ailəsilə birlikdə Almaniyaya mühacirətə gedib. Onun sözlərinə görə, ancaq bu şəkildə təhlükəsizliyini təmin edəcəyini düşünüb:

“Mənə qarşı son düşmənçiliyi Vasif Talıbovun  bacısının əri Fəxrəddin və şəxsən Vasif Talıbov təşkil etdilər. Bütün orqanlara da xüsusi tapşırıq vermişdilər, onlar da can-başla bizə qarşı hər cür düşmənçiliyə əl atdılar. Öz düşmənçiliklərini dövlət qanunu ilə sığortaladılar. Fəxrəddinin məndən tələbi o olmuşdu ki, mən bu işi tamamilə buraxım, mənim bəzi çeşid mallarımı da öz inhisarına qatsın. Və Vasif Talıbovun himayədarlığı ilə buna da nail oldu”.

Qurbanov Avropa İnsan Haqları Məhkəməsinin çıxardığı qərarı da ədalətli hesab etmir. O deyir ki, bu səviyyədə işə görə 10 min avro təzminat düzgün deyil: “Məhkəmənin qərarı məni qətiyyən qane etmədi, mənim işimin səviyyəsinə görə çox düşük bir qərardır. Sıfırdır! Şikayətimizə baxmamaq kimi bir şeydir”,– deyə o, bildirib.

Ərizəçilərin vəkili Xaild Bağırov Abzas Media-ya deyib ki, o, bu işi apararkən Naxçıvanda təzyiqlərə məruz qalıb. Onu təyyarədə qanunsuz olaraq saxlayıblar:

“Naxçıvan hava limanında qeydiyyatdan keçib təyyarənin salonuna daxil olarkən üç nəfər mülki geyimli şəxs zorla məni avtomobilə oturdaraq Sədərək Rayon Məhkəməsinə aparıb. Onlar pasportumu və mobil telefonumu alıblar. Deyirdilər ki, Sədərək məhkəməsində biznesmenlər Məhəmməd Qurbanov və Nadir Məmmədovun məhkəməsində iştirak etməliyəm. Mənə hədə-qorxu gəldilər” - vəkil bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun