Arayik Harutyunyan həbs edilib, ona 9-dan çox maddə ilə ittiham irəli sürülüb

Arayik Harutyunyan həbs edilib, ona 9-dan çox maddə ilə ittiham irəli sürülüb Foto: Dövlət Təhlükəsizlik Xidməti
5 Oktyabr 2023
Mətni dəyiş

Qarabağdakı tanınmamış “respublikanın” keçmiş “prezidenti” Xankəndi şəhərində saxlanılaraq Bakıya gətirilib

Tanınmamış “Dağlıq Qarabağ Respublikasının sabiq prezidenti” Arayik Harutyunyan həbs edilib. Bu barədə Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətləri birgə məlumat yayıb.

Bildirilib ki, Arayik Harutyunyan Qarabağda fəaliyyət göstərmiş qanunsuz erməni silahlı qüvvələrinin törətdiyi sülh və insanlıq əleyhinə, müharibə, terrorçuluq və digər cinayətlərin araşdırılması ilə bağlı başlanmış cinayət işləri üzrə oktyabrın 3-də Xankəndi şəhərində saxlanılıb.

Rəsmi məlumata əsasən, Harutyunyanın müharibənin aparılmasında, muzdluların yığılmasında, onlara təlim keçirilməsində və maliyyələşdirilməsində iştirakına dair əsaslı şübhələr aşkar edilib. Həmçinin o, bu silahlılardan hərbi münaqişədə və hərbi əməliyyatlarda istifadə edilməsinin təşkilində, münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarının pozulmasında, cinayətkar əmrlərin verilməsinə şübhəli bilinir.

Qurumlar bildirir ki, Arayik Harutyunyanın Azərbaycan ərazilərinin minalanması, Gəncə, Bərdədə yaşayış məntəqələrinə, mülki obyektlərə raket zərbələrinin endirilməsi kimi ağır cinayətləri törətiyinə dair də əsaslı şübhələr var.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsi zamanı Gəncəyə 5 raket hücumu olub, nəticədə 27 dinc sakin həlak olub, 125 nəfər yaralanıb. Bərdəyə atılan iki raket isə 26 dinc sakinin ölümünə 105 nəfərin yaralanmasına səbəb olub.

Arayik Harutyunyana qarşı Cinayət Məcəlləsinin 100, 116, 117, 120, 214, 214-1, 214-3, 218, 279-cu və digər maddələri ilə ittiham elan edildiyi açıqlanıb.

Arayik Hrutyunyan 2020-ci il mayın 21-dən tanınmamış “Dağlıq Qarabağ Respublikasının prezidenti” kimi işləyib. 31 avqust 2023-cü ildə postundan istefa verib. Onun yerinə Salmvel Şahmaryan “seçilib”.

Sentyabrın 19-da Azərbaycan ordusu Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərdə olan qanunsuz silahlı qruplaşmaya qarşı “antiterror” adlandırdığı hərbi əməliyyatlara başladığını elan edib. Sentyabrın 20-də isə tərəflər hərbi əməliyyatların dayandırılması və danışıqlara başlanması ilə bağlı razılığa gəliblər.

Azərbaycan bir günlük əməliyyatda 205 hərbçisini itirib.

Sentyabrın 27-də “Dağlıq Qarabağ Respublikasının dövlət naziri” vəzifəsində çalışmış 55 yaşlı Ruben Vardanyan saxlanılaraq həbs olunub.

Sentyabrın 28-də Qarabağdakı qeyri-leqal hökumət yanvarın 1-nə qədər buraxılacağını elan edib.

Sentyabrın 29-da isə 2015-2018-ci illərdə “Dağlıq Qarabağ Respublikasının müdafiə naziri” vəzifəsində çalışmış Lyova Mnatsakanyan və 2013-2023-cü illərdə “DQR prezidenti aparatının rəhbərinin müavini, prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi, xarici işlər naziri və xüsusi tapşırıqlar üzrə prezidentin köməkçisi” vəzifələrində işləmiş David Babayan həbs olunub.

Hər üç şəxs terrorizm, sülh və insanlıq əleyhinə ağır cinayətlərdə ittiham olunurlar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun