Övladlığagötürmə niyə azalır?

Övladlığagötürmə niyə azalır?
4 May 2022
Mətni dəyiş
Son illər dünyada övladlığagötürmə mədəniyyəti geniş yayılmaqdadır. Bu, uşaq sahibi olmaq istəyən fərdlərə valideyn olma xoşbəxtliyi yaşatmaqla yanaşı, ata-ana himayəsindən məhrum olmuş uşaqlara da yeni qucaq açır. Azərbaycanda isə həm cəmiyyət övladlığagötürmə məsələsinə skeptik və mental nöqteyi nəzərindən fərqli yanaşır, həm də ölkədə övladlığa götürmə prosedurlarının çətinliyi bu arzunu fərdlər üçün mümkünsüz edir. Rəsmi rəqəmlərə nəzər saldıqda bu istiqamətdə ciddi geriləmənin olduğu müşahidə edilir. Məsələn, rəsmi statistikaya görə, ölkədə 2005-ci ildə 803, 2010-cu ildə 798, 2015-ci ildə 805, 2018-ci ildə 751, 2019-cu ildə 660, 2020-ci ildə isə 234 uşaq övladlığa götürülüb. Prezidentin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası bu problemin həllini nəzərdə tuturdu. Konsepsiyada natamam, aztəminatlı, çoxuşaqlı, valideyn himayəsindən məhrum olmuş uşaqları övladlığa götürmüş ailələrə əlavə dəstək mexanizmləri yaradılması və himayədarlıq qayğısı sisteminin genişləndirilməsi istiqamətində zəruri işlərin həyata keçirilməsi hədəflənirdi. Beləcə ailələr övladlığa götürməyə təşviq edilməli idi. Bəs görəsən əslində vəziyyət necədir? Övladlığa götürmə ilə bağlı statistikalardakı geriləmə nə ilə bağlıdır? Övlad sahibi olmaq istəyən fərdləri narahat edən digər məsələ isə prosedurların çox uzun və yorucu olmasıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, övladlığagötürmə sahəsində səlahiyyətlər Nazirliyə verildiyi tarixdən, yəni 1 noyabr 2019-cu ildən övladlığa verilmiş uşaqların sayı 147 nəfər olub. Qurum bildirir ki, bu müddət ərzində övladlığagötürmənin stimullaşdırılması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi həyata keçirilib. Belə ki, müvafiq qanuna dəyişiklik nəticəsində övladlığa götürülmüş uşaqlar dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqları dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Habelə, sağlamlıq imkanları məhdud uşaqları övladlığa götürən valideynlərdən birinin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun