Olimpiada zamanı xarici mətbuat nümayəndələri GPS vasitəsilə izləniləcək

Olimpiada zamanı xarici mətbuat nümayəndələri GPS vasitəsilə izləniləcək
8 İyun 2021
Mətni dəyiş

Yaponiya hakimiyyəti yeni növ koronavirusun yayılmasının qarşısını almaq üçün Tokioda keçiriləcək Yay Olimpiya oyunlarını işıqlandırmaq üçün ölkəyə gələcək xarici jurnalistlərin hərəkətini GPS vasitəsilə izləyəcək və ciddi nəzarət edəcək.

Bu barədə “Tokio-2020” Olimpiya oyunlarının Təşkilat Komitəsinin rəhbəri Seyko Xasimoto məlumat verib.

Xasimoto qeyd edib ki, xarici jurnalistlərin yerləşdirilməsini daha kompakt etmək üçün xüsusi olaraq xarici mətbuat üçün rezevr edilmiş mehmanxanaların sayı 350-dən 150-dək endirilib.

Təşkilat Komitəsinin rəhbəri məlumat verib ki, xarici jurnalistlərin Yaponiyaya gəldikdən sonra 2 həftə ərzində ictimai nəqliyyatdan istifadə etməsinə qadağa tətbiq olunacaq. Şəhər üzrə işgüzar səfərlər isə Təşkilat Komitəsi əməkdaşlarının nəzarətində olan məkanlar və jurnalistlərin yerləşdiriləcəyi hotellərlə məhdudlaşdırılacaq. O qeyd edib ki, Yaponiyaya daxil olduqdan 14 gün sonra şəxslərin GPS monitorinqi dayandırılacaq.

Tokio Olimpiadası 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Lakin pandemiya səbəbindən yarışlar təxirə salındı və 2021-ci il iyulun 23-dən avqustun 8-dək keçiriləcək. Martın 20-də təşkilatçılar yarışları xarici azarkeşlər olmadan keçirməklə bağlı yekun qərar verdilər. Yerli tamaşaçıların yarışlara buraxılması haqqında qərar isə koronavirusla bağlı vəziyyətdən asılı olaraq iyunda qəbul ediləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun